Laçın hava limanında torpaq işləri 37% tamamlanıb
Bərdə-Ağdam 47 km-lik dəmir yolunun isə 66 faizi tamamlanıb
Laçın Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının və yerdə sürmə zolağının, perronun, terminalın və yardımçı binaların tikintisi çərçivəsində qazma torpaq işləri 37 faiz tamamlanıb.
Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Qummətov Füzuli Beynəlxalq Hava Limanında Koordinasiya Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, Bərdə-Ağdam dəmir yolunun da bir hissəsi hazırdır: “47 km-lik yolda işlərin 66 faizi tamamlanıb”.
"İşğaldan azad edilmiş ərazilərdə də ümumi uzunluğu 2,2 min kilometr olan 18 yolun salınması aparılır. Yolların bir hissəsinin bu il istifadəyə verilməsi planlaşdırılır", - nazir müavini bildirib.