16:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.

“Saloğlu Qarabağ” MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verib.

Bildirilib ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.
***
16:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.
“Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

Qeyd edək ki, dövlətimizin başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.
***
15:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Accurate Az” MMC-nin təsisçisi İlkin Abuşov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.
Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb, növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır. Bütün bu tədbirlər sahibkarlığın, sənaye və iqtisadiyyatın inkişafını, həmçinin əhalinin məşğulluğunun artırılmasını təmin edir.
***
15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.
“Azərenerji” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.
Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.
Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, “AzərEnerji” ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə - cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.
Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir, beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.
Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verilib. Qeyd edilib ki, ölkənin ən böyük yarımstansiyası — 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.
***
15:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.

Dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verilib.
Bildirilib ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.
Yeni akademik məzmunun formalaşdırılması, müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların inkişafı, innovativ idarəetmə və nəticəyönümlü elmi tədqiqatlar fakültənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bir sözlə, bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir.
Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq.
Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib.
Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.
***
14:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.
Dövlətimizin başçısına binada yaradılacaq şərait barədə məlumat verilib.

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.
Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.
Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.
Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.
***
14:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.

Prezident İlham Əliyev sakinləri salamlayıb.
Sakinlər: Salam, xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun, siz də xoş gəlmisiniz.
Sakinlər: Çox şükür. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Allah Sizi qorusun, mənim komandanım, Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Doğma torpağa 34 ildən sonra qayıdışınız münasibətilə sizi təbrik edirəm. Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün.
Sakinlər: Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: 1991-ci il dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin salmışdı. Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu illər ərzində necə əzab-əziyyət içində yaşamısınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz buraya qayıdacağıq. İki il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və artıq burada həyat yenidən qurulur.
Mən oktyabr ayında bu qəsəbəyə gəlmişdim. O vaxt göstəriş verdim ki, evlər, məktəb təmir olunsun, digər lazımi infrastruktur layihələri icra edilsin. Bu gün qəsəbə ilə tanış olarkən görürəm ki, hər şey yüksək səviyyədə təşkil olunub, qəsəbə göz oxşayır. Əlbəttə ki, bu, qəsəbənin, bərpasının birinci mərhələsidir. Çünki işğal dövründə düşmən buranı da yararsız vəziyyətə salmışdı. Evlərin bir çoxunda heç yaşamaq mümkün deyil. Ona görə təqribən iki ilə yaxın təmir-bərpa işləri aparılıbdır. İndi isə artıq qəsəbənin bəzi küçələri tam abadlaşdırılıb, evlər tam hazır vəziyyətə gətirilib və burada yaşamaq üçün bütün şərait var.
Sizi bu hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, burada rahat və firavan yaşayacaqsınız. Əsas odur ki, öz doğma torpağınızdasınız.
Sakin: Allah canınızı sağ eləsin. Sabah ad gününüzdür. Ürəkdən təbrik edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: Cənab Ali Baş Komandan, çox minnətdarıq ki, Siz bizi bu gün doğma Kərkicahanımıza qaytardınız, Qarabağımıza qaytardınız. Bu günlərə şükürlər olsun. Ağlaya-ağlaya dekabrda tərk etmişdik, indi gülə-gülə qayıdırıq. Allah Sizi qorusun, ailənizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun. Əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi, iradə göstərə bilmədi, qorxaqlıq göstərdi və faktiki olaraq işğalla barışmalı oldu. Ondan sonra gələn hakimiyyət vəziyyəti daha da bərbad vəziyyətə salmışdı. Faktiki olaraq Şuşanın, Laçının işğalı Kərkicahanın işğalından təqribən beş ay sonra baş verdi. Ona qədər Xocalı soyqırımı törədildi. O vaxt həm sovet dövründən qalan rəhbərlik, həm də ki, guya xalq hərəkatına aid olan rəhbərlik faktiki olaraq burada yaşayan insanları taleyin ümidinə buraxmışdı. Sizi müdafiə edə bilərdilər, etmədilər. Bəziləri qorxaqlıqdan, bəziləri isə hakimiyyətə gəlmək üçün Azərbaycanda xaos, anarxiya yaratmaq məqsədilə bir çox hallarda xəyanət edərək torpaqlarımızı düşmənə təhvil vermişdi. Ondan sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyü yarıtmaz və xəyanətkar fəaliyyəti ilə ölkəmizi dərin böhrana salmışdı. Vətəndaş müharibəsi, Kəlbəcərin işğalı və faktiki olaraq Laçın-Xankəndi yolunun itirilməsi - bütün bunlar Ermənistan üçün böyük üstünlük təmin etdi və nəticədə işğala, böyük işğala yol açdı. Biz isə gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından qurtarmaq üçün çalışmışıq, vuruşmuşuq, müharibədə Qələbə qazanmışıq. Düzdür, İkinci Qarabağ müharibəsi zamanı işğala tam son qoymasaq da, heç vaxt şübhə etmirdik ki, tezliklə Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, Kərkicahan və o vaxt hələ işğal altında olan bütün digər qəsəbə və şəhərlər azad olunacaq. İki il bundan əvvəl cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində işğala tam son qoyduq, suverenliyimizi bərpa etdik, işğalçıları torpaqlarımızdan əbədi qovduq və bu gün sülh içində yaşayırıq. Bu elə bir şərəfli tarixdir ki, əminəm, bugünkü nəsil, bundan sonrakı nəsillər bu şərəfli tarixlə əbədi olaraq fəxr edəcəklər.
Sakinlər: İnşallah.
Prezident İlham Əliyev: Sizin buraya qayıtmağınız bir daha göstərir ki, ədalət var, sadəcə olaraq, onu təmin etmək lazımdır. Bir daha sizi təbrik edirəm.
***
Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?
Sakin: Gəncədə yataqxana şəraitində, ağır vəziyyətdə.
Prezident İlham Əliyev: Yataqxanada.
Sakin: Allah Sizə uzun ömür, cansağlığı versin ki, bizi o şəraitdən qurtardınız. Ulu Tanrı Sizi qorusun. “Dəmir yumruğ”unuz həmişə düşmənin başının üstündə olsun. Allah qolunuza qüvvət versin.
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əvvəlki müharibədə və axırıncı müharibədə zəhməti olanlara, qazilərimizə cansağlığı versin. Amin.
Prezident İlham Əliyev: Siz harada yaşayırdınız, Gəncədə?
Qadın sakin: Yox, Goranboyun Meşəli qəsəbəsində. Bir dəfə orada məskunlaşdırmısan bizi, indi də burada evlə təmin etmisən. Allah sənə dəyməsin.
Kişi sakin: Çox sağ olun, cənab Prezident. Siz ki bu tarixi günü bizə yaşatdınız, Allah Sizdən razı olsun, ailənizi qorusun.
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı, xoşbəxt həyat arzulayıram. Bir daha təbrik edirəm.
Sakinlər: Çox sağ olun, cənab Prezident.
***
14:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Bir sözlə, burada təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hərtərəfli imkanlar mövcuddur.
Qeyd edək ki, müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasir layihələr əsasında inşası, onların zəruri tədris avadanlığı ilə təchizi, fənn kabinetlərinin, laboratoriyaların, idman infrastrukturunun yaradılması bu müəssisələrdə çalışan müəllimlərin və təhsil alan şagirdlərin hərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib. Bütün bunlar, eyni zamanda, müəllimlərin və şagirdlərin doğma yurdlarına qayıdışını sürətləndirir, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfə verir.
***
13:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib.






Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.
Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.
Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
28 dəqiqə