İlham Əliyev Şuşadadır FOTO
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Daşaltı kəndinin yenidənqurulması ilə bağlı görüləcək işlərlə tanış olub.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin inkişafı, burada məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır. Bunun nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur.
Qeyd olunub ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.
Bildirilib ki, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) evlər konsepsiyası kənd ərazisində şəhərin praktikliyini təmin etmək məqsədi daşıyır. Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və dördotaqlı yaşayış blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır və eyni zamanda, onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub.
Qeyd edilib ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.
Prezident Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.
Daha sonra Prezident 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında aparılan tikinti işləri ilə tanış olub.
Xatırladaq ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Məlumat verilib ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.
Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.
Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq.
Qeyd edək ki, əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Təməli qoyulan Şuşa şəhər xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu, həm də onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.
Sonra İlham Əliyev Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binasında tədrisin təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, həmçinin akt və idman zalları, inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşıb.
Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verib. Şuşada 1 saylı tam orta məktəb binasının inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəb binasının inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.