XƏBƏRLƏR / Siyasət

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib

YENİLƏNİB

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib
  • Oxuma müddəti:

    11 dəqiqə

  • 16:58

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.

    Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

    Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

    Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını deyib, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğulayıb.

    Dövlətimizin başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğulayıb. Dövlətimizin başçısı Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirib. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək, bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini vurğulayıb.

    Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib. Dövlətimizin başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğulayıb.

    Azərbaycan Prezidenti səfir Qasım Mohiuddinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

    Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Məhəmməd Şahbaz Şərifin səmimi salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da səmimi salamlarını Pakistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

    Ölkəmizə böyük məhəbbət hissi bəslədiyini qeyd edən səfir Azərbaycan kimi gözəl bir ölkədə Pakistanı təmsil etməkdən qürur hissi duyduğunu bildirib.

    Səfir dövlətimizin başçısının Pakistana dövlət səfəri zamanı müəyyən olunmuş strateji əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. O, Azərbaycanın Pakistana dəstəyini, xüsusən Cəmmu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun qaydada həllinə dair ölkəmizin ədalətli mövqeyinin önəmini vurğulayıb.

    ***

    16:53

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edib.

    Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

    Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

    Azərbaycanın Burkina Faso ilə münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu bildirib. Dövlətimizin başçısı iqtisadi-ticari sahədə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib, Azərbaycanın Burkina Fasoya investisiya yatırması imkanlarının araşdırılmasının önəmini vurğulayıb.

    Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Azərbaycan Prezidenti, ilk növbədə, BMT-də, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyin göstərilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neomüstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirib. Bu xüsusda Fransanın həyata keçirdiyi neomüstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə beynəlxalq qeyri-hökumət hərəkatı çərçivəsində fəal iş apardığını bildirib.

    Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın əsl simasını nümayiş etdirdiyini, BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd edib.

    Söhbət zamanı dövlətimizin başçısı Azərbaycanın Afrika İttifaqı yanındakı səfirinə Afrika ölkələri ilə daha sıx münasibətlərin qurulması, onlarla müxtəlif istiqamətlər üzrə ikitərəfli formatda konkret əməkdaşlıq məsələlərinin planlaşdırılması barədə də təlimat verildiyini qeyd edib.

    Səmimi qəbula görə təşəkkürünü bildirən səfir, ilk növbədə, ölkəsinin lideri Brahim Traorenin salamlarını, eyni zamanda, dövlətimizin başçısının yenidən Prezident seçilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb.

    Dövlətimizin başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Burkina Fasonun liderinə çatdırmağı xahiş edib.

    Səfir Vinta Some Azərbaycan ilə ölkəsinin strateji səviyyədə hərtərəfli əməkdaşlığa hazır olduğunu, yaxın vaxtlarda geniş tərkibli Azərbaycan nümayəndə heyətinin Burkina Fasoya səfər edəcəyini vurğulayıb. O, ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təlim, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.

    Vinta Some ölkəsinin Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizədə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. O, Afrikanın sahil regionunda baş verən proseslər haqqında məlumat verib, artıq qitədə panafrikanizm hərəkatının güclənərək yeni vüsət aldığını vurğulayıb.

    Səfir COP29-un təşkilində Azərbaycana uğurlar arzulayıb və Burkina Fasonun da bu tədbirdə müvafiq səviyyədə təmsil olunacağını diqqətə çatdırıb.

    ***

    16:48

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.

    Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

    Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

    Prezident İlham Əliyev səfirin ölkəmizə səfərlər edəcəyinə və Azərbaycanın hökumət nümayəndələri ilə əlaqələrimizin gələcək inkişafı məsələlərinə dair səmərəli müzakirələr aparacağına ümidvar olduğunu bildirib. Azərbaycan Prezidenti ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, iqtisadi-ticari əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.

    Siyasi münasibətlərə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında səmərəli əlaqələrin olduğunu bildirib, lakin investisiya imkanlarından istifadə və ticarət dövriyyəsinin artırılması sahəsində əməkdaşlığın hələ də lazımi səviyyədə olmadığını qeyd edib. Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, səfir fəaliyyətində bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.

    Səfir Mayls Robert Armiteyc Azərbaycanda olmağından böyük məmnunluq hissi keçirdiyi bildirib və qarşıda əlaqələrimizin genişləndirilməsi üçün görüləsi çox işin olduğunu qeyd edib. O, xüsusilə iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

    Mayls Robert Armiteyc COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. O, Azərbaycanın qısa vaxt ərzində COP29 Konfransının keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini gördüyünü məmnunluqla qeyd edib, ölkəmizin kiçik ada dövlətlərinə dəstəyinin, xüsusilə kiçik ada dövlətlərinin qarşıdan gələn Zirvə toplantısında iştirakı məsələsini xüsusi vurğulayıb.

    Səfir qeyd edib ki, Avstraliya regionda davamlı sülhün bərqərar olunmasında və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır.

    Bu xüsusda Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirərək, artıq regionda sülhün mövcud olduğunu qeyd edib.

    Görüşdə, həmçinin ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdirilməsi, mədən sənayesi, yaşıl enerji, gəmiqayırma və biznes dairələri arasında işgüzar münasibətlərin yaradılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.