XƏBƏRLƏR / Siyasət

Minsk qrupunun fəaliyyətinə dekabrda rəsmən xitam veriləcək

ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen bəyan edib

Minsk qrupunun fəaliyyətinə dekabrda rəsmən xitam veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan və Ermənistanın Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə qərarını alqışlayıb və bu prosesin 2025-ci ilin dekabr ayınadək yekunlaşacağına ümidvar olduğunu bildirib.

    Elina Valtonen bu barədə oktyabrın 14-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

    “Bakı və İrəvanın ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətini müsbət qarşılayırıq. Ümid edirik ki, bu proses dekabr ayından gec olmayaraq başa çatacaq”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.

    Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Minsk qrupunun ləğvini tələb etmiş, Ermənistan isə buna razılıq vermişdi.