İlham Əliyevdən futbolçu Merih Demiralla bağlı paylaşım
"Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm"
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.
Bu barədə Prezident İlham Əliyevin paylaşımında deyilir.
"Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!" - paylaşımda vurğulanıb.
Xatırladaq ki, UEFA İntizam Komitəsi Türkiyə milllisinin 26 yaşlı yarımmüdafiəçisi Merih Demiralı Avstriya ilə 1/8 final oyununda qol sevincini "boz qurd" işarəsi ilə göstərdiyinə görə 2 oyunluq cəzalandırıb.
Qərara əsasən, o, Türkiyə millisinin qarşıdakı 2 matçında oynaya bilməyəcək.
UEFA bu qərarı Almaniyanın daxili işlər naziri Nensi Faserin şikayəti əsasında qəbul edib.
Türkiyə millisi bu gün Avro-2024-ün 1/4 mərhələsində Niderland komandasına qarşı oynayacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.