İlham Əliyev Bolqarıstanda işgüzar səfərdədir YENİLƏNİR FOTO
Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı olub
18:00
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar.
14:35
Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.
Prezident Rumen Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığını bildirib.
Görüşdə “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olundu, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulanıb.
Söhbət zamanı siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
14:10
Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.
13:40
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.
İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənilib.
Mərasimdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku, Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman çıxış ediblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev çıxış ediblər.
Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
***
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gəlib.
Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin iqtisadi siyasət üzrə müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev, Prezidentin xarici əlaqələr üzrə katibi Roussi İvanov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bolqarıstana səfəri gözlənilir. Bu barədə Bolqarıstanın "Standart news" saytı yazıb.
Bildirilir ki, Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev və İlham Əliyev bu gün paytaxt Sofiyada Bolqarıstan ("Bulqartransqaz"), Rumıniya (Transqaz), Macarıstan (FGSZ), Slovakiya (Eustream) və Azərbaycanın (SOCAR) qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığı təşviq etmək məqsədilə Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəklər.
Mərasimdən sonra prezidentlər Rumen Radev və İlham Əliyev Sofiyada SOCAR-ın ofisinin açılışını edəcəklər.
"Azərbaycan Dövlət Neft Şirkətinin ölkəmizdə nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub", - deyə nəşr qeyd edib.