Putin Əraqçini qəbul edib YENİLƏNİB / VİDEO
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

15:56
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İran XİN başçısı Abbas Əraqçinin prezident Vladimir Putinə bu ölkənin ali rəhbərindən məktub gətirməsi barədə məlumatı təkzib edib.
Bu barədə "İnterfaks" xəbər verir.
"Siz gördünüz, o məktub olmadan gəldi", - deyə D.Peskov "Rossiya 1"ə müsahibəsində Əraqçinin Putinə İranın ali rəhbərindən yazılı məktub gətirməsi barədə məlumatı şərh edərkən bildirib.
***
14:03
Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Kremldə İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
VİDEO
Putin İrana zərbələri heç bir əsası olmayan təcavüz adlandırıb.
Putin İran Xarici İşlər Nazirliyinin rəhbərindən ölkə rəhbərliyinə - Prezidentə və ali rəhbərə ən xoş arzularını çatdırmağı xahiş edib.
“Mən çox şadam ki, siz bu gün Moskvadasınız. Bu, bizə bu aktual məsələləri müzakirə etmək və bugünkü vəziyyətdən necə çıxmaq barədə birlikdə düşünmək imkanı verəcək”, - Rusiya Prezidenti vurğulayıb.
Öz növbəsində Əraqçi deyib: "İranın nüvə proqramı sahəsində Rusiya Federasiyası tərəfdaş kimi bizə Buşəhrdə atom elektrik stansiyası tikir, bu sahədə, eləcə də nüvə razılaşmalarının əldə olunması məsələlərində bizə kömək edir".
İranın baş diplomatı İran Prezidentinin və Xameneinin salamlarını Putinə çatdırıb.
"Reuters" xəbər verir ki, Abbas Əraqçi İranın ali lideri Əli Xameneinin məktubunu Putinə çatdırıb. Məktubda Xameneinin Putindən dəstək istədiyi bildirilir.
***
11:57
Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi, iyunun 23-də Moskvaya rəsmi səfərə gələn İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün keçiriləcəyi məlumatını təsdiqləyib.
Moskvaya səfərə gələn Əraqçi deyib ki, İran və Rusiya ümumi çağırış və təhdidlərə qarşı durmaq üçün sıx məsləhətləşmələr aparır. O, İranın dövlət televiziya və radio şirkətinin efirində iki ölkənin hər zaman “ortaq narahatlıqları, həyəcanları və rəqibləri” olduğunu vurğulayıb və Rusiya lideri ilə görüşdə bu mövzuların mərkəzi yer tutacağına əminliyini ifadə edib.
Bundan əvvəl RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da İranın xarici işlər nazirinin danışıqlar aparmaq üçün Rusiya paytaxtına gəldiyini təsdiqləyib.