Rusiya XİN Ermənistan-Azərbaycan barədə sükutu pozdu
Rəsmi Moskva Bakı ilə İrəvan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahatdır
Rusiya Xarici İşlər Nazirliyinin dünənki Həkəri körpüsündə baş verən hadisələrdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyətlə bağlı bəyanat yayıb.
Bəyanatın mətnini tam və olduğu kimi dərc edirik:
"Biz Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RSK) məsuliyyət zonasında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də rəsmi Bakı ilə İrəvan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahat olduğumuzu bildiririk.
Atəşkəs rejiminin pozulmasının və müxtəlif növ insidentlərin sayının artdığını, bunun nəticəsində hər iki tərəfdən müntəzəm olaraq itkilər olduğunu həddindən artıq narahatlıqla qeyd edirik. Azərbaycan və Ermənistanın ictimai məkanında ittiham xarakterli və aqressiv ritorikanın artmasını da çox təhlükəli hesab edirik. Aprelin 23-də hadisələrin son inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarının pozulmasına yönəlmiş istənilən birtərəfli addımın qəbuledilməz olduğunu qeyd edirik. Həmin sənəddə Laçın dəhlizinin fəaliyyət rejiminin razılaşdırılmadan dəyişdirilməsindən və ya ondan sülh gündəliyinə uyğun olmayan məqsədlərlə istifadə cəhdlərindən bəhs edilir.
Tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq. İstənilən halda yerli əhalinin əziyyət çəkməməli olduğuna və onun həyat fəaliyyətinə heç bir maneə yaradılmamalı olduğuna əsaslanırıq.
Hesab edirik ki, yaranan bir çox problemlər danışıqlar prosesində aylardır davam edən durğunluğun və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsas məqamlarında, o cümlədən regionda nəqliyyat əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlaması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması məsələlərində irəliləyiş olmamasının nəticəsidir. Bakı və Yerevanın siyasi iradə nümayiş etdirəcəyinə və yaxın gələcəkdə bu mənfi dinamikanı aradan qaldıra biləcəklərinə ümid edirik. Rusiya tərəfi ona yaxın olan Azərbaycan və Ermənistana həm siyasi səviyyədə, həm də “yerdə” RSK komandanlığının iştirakı ilə bütün lazımi yardımı göstərməyə hazırdır.
Həmçinin, xarici Qərb oyunçularını və onların fürsətçi gündəliyi əsasında işləyən rusofob elementləri vəziyyəti, o cümlədən Rusiyanın ünvanına qarayaxma kampaniyası həyata keçirməklə gərginləşdirmək cəhdlərindən çəkinməyə çağırırıq".