XİN Əliyev-Paşinyan görüşü haqda məlumat yaydı

YENİLƏNİR / VİDEO / FOTO

  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:25

    10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

    XİN-dən bildirilib ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

    Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

    Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

    Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.

    Qeyd edək ki, Ermənistan xarici işlər nazirliyi eyni mətnli məlumat yayıb.

    ***

    14:22

    Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib. Bu barədə Əbu-Dabiyə ezam olunmuş müxbirlər xəbər verir

    Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

    Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

    ***

    14:05

    Əliyevlə Paşinyan arasında danışıqlar başa çatıb.

    ***

    13:40

    Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla yenidən təkbətək formatda görüşü keçirilir.

    ***

    12:45

    Əliyevlə Paşinyan arasında iki saatdan çox davam edən görüş fasilədən sonra heyətlərin iştirakı ilə davam edir.

    VİDEO

    ***

    11:50

    Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin təkbətək görüşündə fasilə elan edilib.

    Fasilədən sonra danışıqlar davam etdiriləcək.

    ***

    11:25

    Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü təkbətək formatda davam edir.

    Heyətlərin iştirakı ilə görüş başa çatıb. Nümayəndə heyətləri danışıqlar zalını tərk ediblər.

    ***

    09:10

    Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.