İlk türk astronavt kosmosda VİDEO
"SpaceX" şirkətinə məxsus "Dragon" kapsulu "Falcon 9" raketi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib
Türkiyənin ilk astronavtı Alper Gezeravcını daşıyan kapsul Bakı vaxtı kı 01:49-da kosmosa buraxılıb.
"SpaceX" şirkətinə məxsus "Dragon" kapsulu "Falcon 9" raketi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilib.
Bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürurun ifadəsi kimi qiymətləndirilir. Tarixi uçuş ölkənin demək olar hər yerində quraşdırılan xüsusi ekranlar vasitəsilə yayımlanıb. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep və bir çox digər şəhərlərdə keçirilən tədbirlərlə bölüşüblər.
Buraxılış həyata keçirildikdən təxminən 1.5 saat sonra astronavtlarla əlaqə qurmaq mümkün olub. İlk türk astronavtının kosmosdakı ilk sözləri Mustafa Kamal Atatürkün məşhur “Gələcək göylərdədir” ifadəsi olub (istikbal göklerdedir).
"Uzun zamandır bunun xəyalını qururdum. Bu çox gözəl hissdir", - Gezeravcı deyib.
"SpaceX" şirkətinin səhifəsində 2,5 saatlıq canlı yayımı 1,3 milyon insan izləyib.
Kosmik səyahət 36 saat davam edəcək. Gezeravcı kosmosda mikroqravitasiya, kosmosda insan sağlamlığı, kosmosda duz gölü zavodunun tədqiqi kimi mövzular üzərində çalışacaq.
Qeyd edək ki, türk astronavtla yanaşı kosmik aparatda ABŞ və İspaniyanı təmsil edən Mişel Lopez-Alegqia, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından iştirak edən isveçli Markus Vandt da var.