Kosmik hava durumu və proqnozu açıqlanıb
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib
Hesabat dövrü ərzində Günəş aktivliyi orta səviyyədə olub, maksimum aktivlik 3327 oblastında M 4.7 qeydə alınıb. Alışmalara bağlı olaraq II tip radioemissiya qeydə edilib. Günəş ləkələri azalıb, 8 ləkə qrupu və 116 ləkə qeyd olunub. Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində tac dəlikləri müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 253 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimum 479 km/san olub. Planetlərarası maqnit sahəsi isə həftəsonuna artaraq 15 nT, radial istiqamətdə isə -8 nT olub. Hazırda Günəş küləyinin sürəti 433 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.74 nT, radial istiqamətdə isə 3.91 nT təşkil edir.
Yerə istiqamətlənmiş CME-in təsiri gözlənilsə də, Yerə çatana qədər zəifləyib və geomaqnit qasırğası baş verməyib. Hazırda geomaqnit sahəsi sakitdir (Kp=2).
Proqnoz günlərində (12- 19 iyun) C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 20 faiz, X (R3) sinif isə 5 faiz təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxmaq ehtimalı var, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyinin sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Zərrəciklər Selinin) və 8-9 iyunda baş vermiş CME-lərin təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü CH HSS-in təsiri ilə 12-13 və 16 iyun tarixlərində aktiv olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.