İlyas İsmayılovun da partiyası qeydiyyata alınmadı
Bunu Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib
Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən sabiq deputat İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyasına imtina cavabı verib.
Bunu Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.
"Ədliyyə Nazirliyi məktubda qeyd edib ki, bəzi üzvlərin məlumatlarında dəqiqləşdirmələr aparmağa ehtiyac var. Ad, soyad və ya doğum tarixlərində səhvlər var. Onları düzəltmək lazımdır. 6200 nəfərdən 2000-ə yaxın belə üzvümüz var. Bunlardan 800-ə yaxın üzvümüzün telefon nömrəsi yoxdur. Onların da telefon nömrələrinin dəqiqləşdirilməsi işi gedir. Ümumiyyətlə, önümüzdəki 1 ay müddətində bu səhvləri aradan qaldıracağıq",-M.Rəhimli vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq və Ümid partiyaları da var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.