İran Araz çayının çirklənməsində Ermənistanı günahlandırır
Lakin İran özü də Ermənistan kimi çayı ən böyük çirkləndirənlərdən biridir
İran nəşri Araz çayının ekoloji fəlakəti haqqında yazır: İran da Ermənistan kimi çayı ən böyük çirkləndirənlərdən biridir.
İranın “Payame ma” qəzeti Araz çayının çirklənməsi ilə bağlı məqalə dərc edib.
Məqalədə Araz çayının radioaktiv maddələr və ağır metallarla çirklənməsindən bəhs edilir.
Qəzetin yazdığına görə, çay çirklidir və bunu inkar etmək olmaz: “Araz çayı radioaktiv maddələr və ağır metallarla çirklənir ki, bu da əhali arasında xərçəng xəstəliyinin artmasına səbəb olub”.
Nəşrin məlumatına görə, çirklənmə mənbəyi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır.
Nəşrin araşdırmasına görə, Ermənistandakı mis mədənləri də çayı çirkləndirir.
Eyni zamanda məqalədə qeyd olunur ki, Atom Enerjisi Təşkilatı və Energetika Nazirliyinin radioaktiv çirklənmə ilə bağlı araşdırma aparmaması narahatlıq doğurur.
Hökumətin Araz çayının çirklənməsi ilə bağlı çoxsaylı hesabatlarına baxmayaraq, İran rəsmiləri çayda uranın olduğunu inkar edir. Araz çayının sərhədyanı ərazilərində yaşayan əhali arasında suyun çirklənməsi nəticəsində qida borusu, mədə, qaraciyər və dəri xərçənginə yoluxma halları xeyli artıb. Araz çayı boyu yaşayan sakinlər arasında xəstələnmənin, xüsusən də mədə xərçənginin artması ilə bağlı məlumatlar var.
Ermənistanla yanaşı, İran da Araz çayını ən çox çirkləndirən ölkədir. Vəziyyəti İrandakı Syunqyun mis mədəni daha da gərginləşdirir.