XƏBƏRLƏR / Münaqişə

İran bütün sərnişin aviareyslərini 1 həftəlik dayandırır

Molla hakimiyyəti uçuşların ləğvi ilə bağlı rəsmi şərh verməyib

İran bütün sərnişin aviareyslərini 1 həftəlik dayandırır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran İsrailin mümkün hücumu ilə bağlı artan qorxular fonunda bu səhərdən oktyabrın 24-dək ölkə üzrə bütün sərnişin reyslərini dayandırıb.

    İran hakimiyyəti hələlik uçuşların ləğvi ilə bağlı rəsmi şərh verməyib, lakin müşahidəçilər bunu artan gərginlik və son vaxtlar İranın hərbi obyektlərinə hücum təhdidləri ilə əlaqələndirirlər.

    İsrail mediası da ölkənin İrana mümkün hücuma yüksək hazırlığını bildirir ki, bu, mənbələrə görə, yalnız yəhudi dövləti rəhbərliyinin siyasi qərarından asılıdır.

    Qeyd edək ki, "Washington Post" qəzeti İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail yəhudi dövlətinə raket hücumundan sonra İrana qarşı "yaxın günlərdə" cavab verə bilər. Onların sözlərinə görə, İsrailin İrana hücum etmək üçün hansı hədəfləri seçəcəyi ilə bağlı hələlik yekun qərar yoxdur.

    CNN telekanalı mənbələrə istinadən oktyabrın 16-da bildirib ki, ABŞ noyabrın 5-də Amerikada keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin zərbəsini gözləyir. Onların məlumatına görə, İsrailin hücum planı artıq tam hazırdır və Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu Vaşinqtonu əməliyyatın hərbi məqsədlərlə məhdudlaşacağına, neft və nüvə obyektlərinə təsir etməyəcəyinə əmin edib.