"İran hələ də bizə cavab verməyib"
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib
"Səfirliyə hücum edən terrorçunun cəzalandırılmasını İrandan tələb etmişik. Amma indiyə qədər İrandan heç bir əsaslı cavab gəlməyib". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirilən mətbuat brifinqində deyib.
XİN rəsmisi bildirib ki, İran tərəfindən səsləndirilən bəyanatlar əsassızdır. A.Hacızadənin sözlərinə görə, İran tərəfi səfirliyimizdə törədilmiş terror aktından sonra hər hansı vacib tədbir görməyib: "Bu da onu göstərir ki, İran tərəfi tutarlı iş ortaya qoymaq istəmir. Növbəti mərhələlərdə hansı addımların atılacağı hələlik məlum deyil. İran tərəfi addımlar atmayacağı təqdirdə diplomatik münasibətlərin hansı istiqamətdə davam edəcəyi hələ dəqiq deyil".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.