İran Mədəniyyət Mərkəzi təkzib edir
Bir neçə gün əvvəl Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlanması barədə xəbər yayılmşdı
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin bağlanması barədə xəbəri təkzib edib. Bu barədə ANS PRESS xəbər verir. Mərkəzdən bildirildiyinə görə, İran dövləti hər hansı tədqiqat mərkəzini bağlamaz: "Altı minlik müəllim heyəti olan ali təhsil məktəbində bir-iki nəfərin tutulması bütün mərkəzin bağlanması demək deyil".
Xatırladaq ki, martın 1-də İran hakimiyyətinin Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlaması barədə mərkəzin instagramdakı səhifəsi məlumat yaymışdı. Həmin məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. O da bildirilib ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.
İran Mədəniyyət Mərkəzindən (İMM) onu da bildiriblər ki, İMM Bakıdakı fəaliyyətini əvvəlki kimi davam etdirir - Mərkəz mədəniyyət və təhsil sahəsində əməkdaşlıq barədə müqavilələr çərçivəsində işlərini əvvəlki kimi görür və bu sahədə onlar hər hansı maneə ilə qarşılaşmayıblar.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Həmin vaxtdan etibarən Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb, İranın Azərbaycandakı səfirliyi isə fəaliyyətini davam etdirir.