İran Prezidenti Türkiyədə rəsmi səfərdədir FOTO
Səfər zamanı ikitərəfli və heyətlər arasında görüşlər keçiriləcək
Bu gün İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə gəlib.
Süvarilər Prezident Kompleksinin qarşısındakı küçədə Rəisinin xidməti avtomobilini qarşılayıblar və onu protokol qapısına qədər müşayiət ediblər.
Prezident Ərdoğan İbrahim Rəisini kompleksin əsas girişində qarşılayblar.
Ərdoğan və Rəisi mərasim məkanında yerlərini aldıqdan sonra 21 artilleriya atəşi ilə İstiqlal Marşı və İran himni səsləndirilib. Rəis Mühafizə Alayının mərasim mühafizəsini türkcə “Salam, əsgər” deyərək qarşılayıb.
İki ölkənin nümayəndə heyətlərinin tanışlığından sonra Ərdoğan və Rəisi pilləkənlərdə Türkiyə və İran bayraqları önündə jurnalistlərə pozalar verib.
Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, xəzinə və maliyyə naziri Mehmet Şimşək, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Prezident Administrasiyasının Kommunikasiyalar direktoru Fahrettin Altun, MİT sədri İbrahim Kalın və Mərkəzi Bankın sədri Hafize Gaye Erkan iştirak ediblər.
Qarşılama mərasimindən sonra ikitərəfli münasibətlər, regional və qlobal məsələlər, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları müzakirə olunacaq.
Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası keçiriləcək.
Görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı istiqamətində atılacaq addımlar dəyərləndiriləcək, görüşlərin yekununda müxtəlif istiqamətlərdə sazişlərin imzalanması gözlənilir.
Prezident Ərdoğan və İran prezidenti birgə mətbuat konfransında səfəri dəyərləndirəcəklər. Axşam Türkiyə-İran İş Forumu keçiriləcək.