İran rəsmiləri: Prezidentin helikopterini özümüz tapmışıq
Türkiyə və dünya mediasında İran prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin "Akıncı" PUA-sının tapması haqqında materiallar yayılıb
İran hökuməti prezident İbrahim Rəisinin qəzaya uğramış helikopterinin qalıqlarının axtarışı prosesində əcnəbilərin iştirakını təkzib edib.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kollivand bəyan edib ki, Tehranın helikopterin tapılmasında xaricdən kömək istəməsi xəbərləri şayiədir.
O əlavə edib ki, helikopterin qalıqlarının axtarışı prosesi tamamilə İranın xilasetmə qrupları tərəfindən həyata keçirilib.
Qeyd edək ki, İran İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan Telegram kanalları da buna oxşar açıqlama yayıb.
Həmin açıqlamada SEPAH-a istinadən bildirilib ki, helikopterin qəzaya uğradığı yer Türkiyəyə məxsus "Akıncı" PUA-sı deyil, İran helikopteri tərəfindən müəyyən edilib.
Daha əvvəl Türkiyə və dünya mediasında İran prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin "Akıncı" PUA-sının tapması haqqında materiallar yayılıb.