İranda daha 25 nəfər saxta spirtli içkidən zəhərlənib
Bu barədə bu gün əyalətin Tibb Elmləri Universitetinin təcili yardım şöbəsindən məlumat verilib
İranın cənubunda yerləşən Hörmüzqan əyalətində saxta spirtli içkidən azı 25 nəfər zəhərlənib.
Bu barədə bu gün əyalətin Tibb Elmləri Universitetinin təcili yardım şöbəsinin müdiri Mahmud Hoseynpur məlumat verib.
Onun sözlərinə görə, 21 iyundan indiyə qədər surroqat spirtdən (metanol) zəhərlənənlərin sayı 25-ə çatıb, ən azı 11 nəfər xəstəxanaya yerləşdirilib ki, onlardan dördünün vəziyyəti ağırdır.
Zəhərlənən şəxslərin yaş aralığı 16 ilə 65 arasında dəyişir.
Xatırladaq ki, son günlər ərzində İranda saxta spirtli içkilərdən kütləvi zəhərlənmə halları ölkənin şimalında yerləşən Əlborz əyalətində qeydə alınıb. Orada zəhərlənmə nəticəsində azı 15 nəfər ölüb, 180-dən çox insanın sağlamlığına ciddi ziyan dəyib.
Qeyd edək ki, ölkədə 1979-cu il İran İslam İnqilabından sonra spirtli içkilərin istehsalı, satışı və istehlakı qadağan edilib.