10:33
İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb ki, İranda ardıcıl səkkizinci gündür etiraz aksiyaları keçirilir.
31 vilayətdən 26-nın 78 şəhərində 222 yerdə nümayişlər, tətillər və tələbə etirazları qeydə alınıb, ümumi ölənlərin sayı 20-yə çatıb.
Məlumata görə, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə, bir neçə ərazidə davam edən qarşıdurmalara baxmayaraq, etirazların coğrafi yayılması dəyişməz olaraq qalıb.
Bildirilib ki, son səkkiz gün ərzində ən azı 19 mülki şəxs və bir təhlükəsizlik qüvvəsi əməkdaşı ölüb, ən azı 51 nəfər yaralanıb.
HRANA bildirib ki, etirazlar zamanı 17 universitetdə tələbə fəallığı müşahidə olunub.
Təkcə son 24 saat ərzində Tehran, Məşhəd, Şiraz, Kərəc, Qəzvin, Yəzd, Bəndər Abbas, Təbriz, Kirmanşah, Xorrəmabad, Şahrud, Dorud, Qəçsaran, Yasuc, Buşehr, Lahican, Nişapur, Məhəllət, Rudbar, Borucerd və Mərvdəşt də daxil olmaqla 20-dən çox şəhərdə etirazlar baş verib.
Şənbə günü İranın qərbindəki İlam vilayətinin Məlikşahi şəhərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb, nəticədə ən azı beş nəfər ölüb, 30 nəfər yaralanıb.
***
00:56
İranda etiraz aksiyaları silahlı qarşıdurma mərhələsinə keçib.
Xarici KİV xəbər verir ki, etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərlərin girişlərində yanan barrikadalar qurur, bəzi qruplar isə avtomat silahlarla silahlanıb.
Ölkənin cənub-qərbində yerləşən yaşayış məhəllələrində atəş səsləri eşidilir. Əhvaz şəhərində bir neçə mülki şəxsin yaralandığı bildirilir.
Yanğın barrikadaları səbəbindən təhlükəsizlik qüvvələrinin hadisə yerinə çatmaqda çətinlik çəkdiyi qeyd olunur. Mehəllat şəhərində yol polisi postu və polis avtomobili yandırılıb, etirazçılardan birinin polis əməkdaşlarına qarşı əl istehsalı olan alovsaçanla hücum etdiyi bildirilir.
İlam vilayətində öldürülmüş etirazçının dəfn mərasimi zamanı “İslam Respublikasına ölüm” şüarları səsləndirilib. Bundan bir gün əvvəl İranın ali rəhbəri iğtişaş iştirakçılarına qarşı sərt tədbirlərin görülməsinə çağırış edib.
2 dəqiqə