"İrəvanda bütün günü oteldə qaldıq, çölə çıxmadıq"
Bunu Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev deyib
"Bayrağımıza qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən tərəf, həmin dövlətin başçısının beş addım uzaqlığında dayandığı yerdə öz qonağının bayrağı yandırılır və buna bir reaksiya verilmir. Bundan sonra həmin bu barbarlığı, vandallığı edən şəxsi Ermənistan ictimaiyyəti alqışlayırlar, onu cəzaçəkmə müəssisəsindən buraxırlar. Bu, yolverilməzdir. Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər, Azərbaycana qarşı nifrətləri var, irqçilik, ksenofobiya, Azərbaycanfobiya var. Ona görə biz qərara gəldik ki, orada qalmayaq, ölkəni tərk edək. Biz xalqımızın dəstəyini sonadək hiss edirdik. Bilirdik ki, Azərbaycan bizim yanımızdadır. Baxmayaraq ki, istər onların yerli hakimiyyət nümayəndələri, istərsə də Avropa Ağır Atletika Federasiyası, istərsə də Beynəlxalq Ağır Atletika Federasiyası bizi yarışda iştirakımızı davam etdirməyə çağırırdılar. Amma biz bunu qəbul edə bilməzdik".
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev jurnalistlərə müsahibəsində bildirib.
O deyib: “Biz İrəvandakı yarışda ancaq Türkiyə yığmasının dəstəyini gördük. Biz eyni mərtəbədə mehmanxanada qalırdıq, ünsiyyətdəydik. Onlar bizə ilk anda da dəstəklərini, yanımızda, bizimlə həmrəy olduqlarını bildirdilər. Düşünürəm ki, bu bilərəkdən edilən bir addım ola bilər. Çünki daim internetin olmasına baxmayaraq, həmin hadisənin baş verdiyi zaman internet kəsildi. Bizə də qəribə gəldi, çünki internetdə problem yox idi. Ermənilər televiziyada bayrağımızın yandırılması epizodunu bilərəkdən göstərməmişdilər. Bir müddət sonra biz hadisənin sosial şəbəkələrdə yayıldığını gördük. Biz o anda internetin niyə kəsildiyini anladıq. Yəqin ki, bu hadisənin yayılmasının qabağını almaq üçün kəsmişdilər.
İrəvanda bizim erməni ictimaiyyəti ilə birbaşa təmasımız olmadı. Biz Tbilisiyə getdik. Orada bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar və İrəvanadək gətirdilər, oradan da otelə getdik. İlk gün bütün günü oteldə qaldıq, çölə çıxmadıq. Növbəti gün, aprelin 14-də cəmi bir dəfə çölə çıxdıq - müşayiətlə məşqə gedib-qayıtdıq. Düşündük ki, biz yarışda olmaya-olmaya bu addımı atdılarsa, bayrağımızı yandırırdılarsa, yarışda necə olacaq. Bizim idmançılar da gənc olmalarına baxmayaraq, Azərbaycanın gələcəyidirlər. Onların böyük qələbələri hələ qabaqdadır. Onlar Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlar. Düşündük ki, onların psixoloji vəziyyətini nəzərə alaraq geri qayıdaq. Orada qalmağın heç bir əhəmiyyəti yox idi”.
Kənan Məstəliyev bildirib ki, erməni atletlər idmançılarımızdan çəkinmişdilər: “Yarışın açılış mərasimi günündə günorta biz komanda ilə ilk və yeganə məşqə getdik. Komandamız dörd nəfərdən ibarət idi. Biz adətən belə yarışlardan əvvəl maksimal çəkiləri qaldırırıq və gücümüzü göstəririk. Biz orda göstərdiyimiz çəkilərdən daha yaxşısını məşqdə edirik. Bu o deməkdir ki, biz yarış vaxtı daha çoxunu edəcəkdik. Biz yarışı yekunlaşdırmağa az qalmış Ermənistan yığması həmin məşq zalına gəldi. Mən belə başa düşdüm ki, onlar bizim ıdmançıların qızıl medal qazanma imkanlarını gördülər. Böyük ehtimalla sonra baş vermiş bayraq yandırmaq hadisəsinə də səbəbi budur”.