İranda neftçilər də etiraz aksiyalarına qoşuldu
İranın müxtəlif yerlərində də pərakəndə şəklində etiraz aksiyaları davam edir
Hazırda İranın cənubunda yerləşən bir sıra neft şirkətlərinin işçiləri də etiraz aksiyalarına qoşulublar. İranın Pars Neft-Qaz Şirkəti, Cənub Neft Zonaları Milli Şirkəti və bir neçə digər neft və neft-kimya şirkətinin işçiləri mövcud iqtisadi duruma, onlara verilən və yerinə yetirilməyən vədlərə etirazlarını bildirirlər.
Bundan əlavə, qeyd edək ki, İranın müxtəlif yerlərində pərakəndə şəklində etiraz aksiyaları davam edir.
Son vaxtlar İranda 2 nəfərin təhlükəsizlik məmurlarını öldürməsi ittihamı ilə edam olunmasından sonra, hər gün şübhəli ölüm halları qeydə alınır. Son olaraq, bu gün əslən azərbaycanlı Ayda Rüstəmi adlı həkimin öldürüldüyü açıqlanıb. Bu həkimin gizli şəkildə etiraz aksiyalarında yaralanan şəxsləri müalicə etdiyi qeyd olunur.
İranda etiraz aksiyalarında 300-dən çox şəxs ölüb.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.
Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və s. əhatə edir.