BLOQ

İranla münasibətlərimizin yeni formatı: Bakı-Təbriz

Avqustun 11-dən başlayaraq, “İran Hava yolları” Təbriz-Bakı-Təbriz marşrutunda həftədə dörd dəfə uçuşlara start verəcək

İranla münasibətlərimizin yeni formatı: Bakı-Təbriz
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Muştuluğumu verin! İran teleqraf, xəbər agentlikləri bir ağızdan eyni xoş xəbəri paylaşırlar - “Avqustun 11-dən başlayaraq, “İran Hava yolları” Təbriz-Bakı-Təbriz marşrutunda həftədə dörd dəfə uçuşlara start verəcək".

    Uçuşların reklamı, biletlərin elektron satışı bəzi saytlarda hətta digər xəbərlərin yerini dar edib sanki.
    Nə isə... Deyəsən, hisslərə qapılmışam. Aviasərnişinlərdən biri, deyəsən, özüm olacağam elə.

    İran bu gün Bakı ilə münasibətlərdə həqiqətən inqilabi addımlara keçir deyəsən. Əvvəla, İran Bakı ilə münasibətləri artıq Tehran darvazalarından, Tehranın “Azadi” meydanından  yox... Təbrizdən, Şəhriyar ünvanlarından başlamaq niyyətini heç gizlətmir də.

    Şəhriyarın şeirlərini oxuya-oxuya danışıqlarımızda da türkcəyə keçə bilərik. İstisna deyil.

    Yəni, bu gün biz İran-Azərbaycan münasibətlərində “Tehran-Bakı” standartından, klişesindən ayrılırıq. Keçirik “Bakı-Təbriz” formatına. Və mən bu standartı ikili münasibətlərimizdə həqiqətən inqilab mərhələsi bilirəm.  

    İnqilab özü bir elmdir. İnqilabın mərhələləri var. Məncə, Güneydə indi ancaq mədəni inqilab mümkündür. Realdır. Ufuq xəttinə barmağını uzadıb orada siyasi inqilab qaraltısını, hərəkətini təqib etmək əbəsdir. Barmağınız yorular.

    Təbriz özü bu gün qanlı inqilablar, siyasi macəralar istəmir. Mədəni, ağ inqilablar isə istəyir. Öz coğrafi mövqeyində bir inqilab etmək istəyir. İstəyir ki, İranın naviqasiya, yəni hərəkət marşrutları təkcə Bəndər Abbas, Hürrəmşəhr yolu ilə, yəni cənub, Fars yolu ilə yox... Turan yolu ilə... Zəngəzur yolu ilə də qoşalansın. Artsın.

    Zəngəzur yolu da elə Təbriz yoludur.

    İranın ən böyük vergi ödəyicisi “Təbriz Ticarət və Sənaye Palatası” səhmlərinin birjada qalxması da məhz bu yolun açılışına bənddir. “Ağ dəvə düzdə qaldı, yükü Təbrizdə qaldı” yanıq bayatısı da elə bu yol barədədir. Bu yol siyasi sifarişlər, basqılar ucbatından tarix boyu dəfələrlə qapadılıb. Sonra isə... Sonra isə təmtəraqla açılıb. “Təbriz Ticarət və Sənaye Palatası”nın "dodaqları" artıq bu bayatını zümzümə etməkdən yorulub.

    11 avqustdan başlayaraq, bu yolun hava marşrutunun ayrılmaz parçası olan “Təbriz-Bakı-Təbriz” xətti açılacaq. Təyyarə pilləkanı üstə azca yubanıb sonra məni Təbrizdə qarşılayanlara, bax, bu tarixi arayışımı oxuyacağam. Mətnini Təbriz mətbuatında da bölüşəcəyəm mütləq. Mətnim, nitqim çoxmənalıdır. Uzaq hədəflərdən, tarixin dərinliklərindən başlayır ilk cümlələri: “Zəngəzur qapısı bir növ okean sularında üzən aysberq parçasıdır - bizim coğrafiyada o tarix boyu dəfələrlə öz ünvanını dəyişib. Tarixdəki ulu babası indiki Dərbənd qalasıdır. Sasani hökmdarı Nuşirəvan 530-cu ildə bu qalanı inşa etdi. Turan yolunu, öz aləmində, guya birdəfəlik qapadı. Nəzarətə götürdü. Yolun qapadılması, nəzarətə götürülməsi o vaxtkı Albaniyaya çox baha başa gəldi deyərdim.

    Musa Kalanqatlının məşhur "Alban tarixi"ndə bu tikintinin ağır yükü, tikintisi, xalqa dəyən ziyanı gözəl təsvir edilsə də... Bəli, gözəl təsvir edilsə də, mövzunun tam acı mənzərəsi, bədii həlli bu əsərdə yoxdur... Dahi Nizaminin ölməz "Nuşirəvan və bayquşlar" hekayətindədir. Əsəri bir də, bu dəfə bədii qiraət nümunəsi kimi yox... müasir Güney Qafqaz coğrafiyasının acı siyasi, iqtisadi mənzərəsi kimi dinləyin. Nuşirəvanın müasir davamçıları - bu qapını növbəti dəfə, elə yaşadığımız zaman kəsiyində qapadılar. 1925-ci ildə İranda Qacarları taxtdan yıxan Pəhləvilər bu Nuşirəvan projesini, cinayətini yenidən diriltdilər. Bu dəfə həmin Zəngəzur yolunun Xudafərin qapısını qapadılar. İranın bütün hərəkət dinamikasını şimaldan cənuba - Körfəzə yönəltdilər. Nəticədə, Güney Qafqaz coğrafiyası yenidən iqtisadi tənəzzülə uğradı. Bayquş yuvasına döndü.

    İndiki Qarabağ xarabalıqlarını, bəli, ulu Nizamimiz, hələ XII əsrdə öncədən görüb sanki. Müasir dövrümüzlə tam səsləşən, bax, bu "Nuşirəvan və bayquşlar" əsərini yazıb. Günümüzə mesaj göndərib sanki.

    Tarix dərsləri ibrətamizdir. 

    Bu antituran məzmunlu Dərbənd qalası, qapısının Sasanilər vaxtı, ömrü qısa olur, biləsiniz. Eramızın 626-cı ilində ulu babalarımız xəzərlər uzun mühasirədən, müharibədən sonra qalanı fəth edib, Turan qapısını, Dərbənd qapısını nəhayət ki, açırlar. Altı ildən sonra Peyğəmbərimizin əshabları cənubdan növbəti zərbə ilə Nuşirəvanın Sasani dövlətini "ya Allah" deyib cəhənnəmə, tarixə qovuşdururlar. Qafqaz xarabalıqlarını Mədain xarabalıqları ilə əvəzləyirlər. Mədain isə, bilin, o vaxtkı Sasani xanədanının parlaq paytaxtı idi.
    Bir anda döndü tarixin növbəti xarabasına. Həmin bu xarabalıqların vəsfini növbəti Azərbaycan şairi Xaqani Şirvani öz boynuna götürür. Ölməz "Mədain xarabalıqları" əsəri ilə böyük bir tarixi dövrə, mövzuya nöqtə qoyur. Bax budur, Xaqani ilə Nizaminin birgə əməyi... Ölməz qələmi. Azərbaycanın qüdrəti. Hər iki şairimizin ruhu qarşısında burada baş əyir, müasir nuşirəvanlara bu şairlərdən dərs götürməyi tövsiyə edirəm. Əsəri bir də, bir başqa qulağınızla dinləyin. Qoy bölgəmizdə, Qarabağımızda bir daha bayquşlar ulamasın.

    Azərbaycan-İran münasibətləri yeni standarta - “Bakı-Təbriz” standartına keçir. Keçəcək. 11 avqustda “Bakı-Təbriz” təyyarə reysinə əyləşənlərdən biri də elə özüm olacağam. “Şəhid Mədəni” adına Təbriz hava meydanında məni gül çələngləri ilə qarşılayın, əziz təbrizlilərim. Mən mədəni inqilab tərəfdarıyam. Siyasi inqilabları ziyanlı sayaram. Səttarxan, Xiyabani, Pişəvəri inqilabları isə məğlub inqilablardır. Nəticələri həmişə ziyanlı olub Təbrizə.

    Qırmızı inqilablarla qurtaraq. Keçək ağ inqilaba.

    Təbrizin mədəni həyatında iştirakçı olmağa tam hazıram. Gələcək fəaliyyətimi Bakı-Təbriz arasında görürəm. İstəyirəm bir ayağım Təbrizdə olsun, o birisi Bakıda. İnşallah! “Bakı-Təbriz-Bakı” marşrutu, deyəsən, bu arzumun çin çıxması üçün açılır. Şükür!