XƏBƏRLƏR / Qonşular

İranda yenə Xəzər dənizinin adını "dəyişdirməyə" çağırılıb

Kazeminin iddiasına görə, Xəzər dənizi tarix boyu müxtəlif adlarla tanınıb

İranda yenə Xəzər dənizinin adını "dəyişdirməyə" çağırılıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Tehran Universitetinin professoru və Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazemi “İran diplomatiyası” saytı üçün yazdığı uydurma qeydində Xəzər dənizinin Azərbaycan və türk dünyasında geniş istifadə olunan tarixi adına qarşı çıxıb.

    "Azad İran" yazır ki, iranlı ekspert Əhməd Kazemi İranın rəsmi və elmi mətnlərində “Xəzər” adının işlədilməsinə son qoyulmasını və dənizin başqa adlarla ifadə edilməsini təklif edib.

    Kazeminin iddiasına görə, Xəzər dənizi tarix boyu müxtəlif adlarla tanınıb. O, “Kaspian”, “Vərkane”, “Hirkani” və “Təbərestan” kimi adları sadalayaraq “Xəzər” adının işlədilməsini tarixi baxımdan problemli kimi təqdim edir.

    Ekspertin cəfəng yazısında “Xəzər” adının müsəlman ərəb müəllifləri tərəfindən yayıldığı və bunun tarixi baxımdan “səhv” olduğu da iddia edilir. Onun fikrincə, İranın rəsmi sənədlərində dənizin başqa tarixi adlarından istifadə olunmalıdır.

    Yazının diqqətçəkən tərəflərindən biri isə müəllifin məsələyə Azərbaycan və Türkiyə ilə bağlı siyasi müstəvidən yanaşmasıdır. Kazemi “Xəzər” adının istifadəsini “Panturanizm” kimi təqdim etdiyi ideoloji proseslərlə əlaqələndirir və bunu İranın regiondakı maraqları baxımından təhlükə kimi göstərir.

    Müəllif yazının sonunda Xəzər dənizinin adlandırılmasının İranın ərazi və hüquqi maraqları ilə əlaqəli olduğunu irəli sürüb və ölkə rəsmilərinə çağırış edərək yazıb: “Reallıq budur ki, iranlılar və region xalqları baxımından, İrana aid olmayan "Xəzər" terminindən kənara çıxmağın vaxtı gəlib çatıb və müvafiq qurumların bunu gecikdirməsi cinayətkarları tarixin və xalqın gözündə daha da utandıracaq”.

    Məqalənin ümumi məzmunu belə bir sual doğurur: Əgər “Xəzər” adı yalnız tarixi baxımdan yanlış və ya təsadüfi bir ad olsaydı, onu dəyişdirmək üçün bu qədər siyasi arqumentə ehtiyac qalardımı? Görünən odur ki, müəllif üçün məsələ təkcə dənizin necə adlandırılması deyil. “Xəzər” sözünün özü onun gözündə müəyyən tarixi və siyasi yaddaşı təmsil edir və məqalənin sərt ritorikası da məhz həmin yaddaşa qarşı çıxış təsiri yaradır.   Hələ illər öncə Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev İrana rəsmi səfərlərindən birində İran prezidenti Məhəmməd Hatəminin Xəzər dənizini "Mazandaran gölü" adlandırmasına sərt və qətiyyətli reaksiya verib. O, dünya xəritəsində belə bir adın olmadığını, dənizin əzəldən Xəzər və ya beynəlxalq dildə "Kaspian" olduğunu bildirərək qarşı tərəfi yerində oturtmuşdu.