“İranlı Əli” adlı narkotacirin daha bir adamı həbs edilib
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Bakıda “İranlı Əli” adlı narkotacirin daha bir adamı həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb. Polisə Tamerlan adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – əvvəllər məhkum olunmuş Tamerlan Əliyev tutularaq Polis Bölməsinə gətirilib. Onun üstündən 3 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə “Əli” kimi tanıdığı İran vətəndaşından Bakı şəhərində satmaq məqsədilə aldığını bildirib.
Tamerlan Əliyevlə İran vətəndaşının cinayət əlaqəsi əməliyyat-texniki tədbirlərlə tam sübuta yetirilib.
Aşkar edilən faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar qətiyyətlə davam etdirilir.