XƏBƏRLƏR / Kriminal

Separatçılar 2020-23 illərdə kütləvi məzarlıqları məhv edib

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib

Separatçılar 2020-23 illərdə kütləvi məzarlıqları məhv edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nəticəsində məlum olmuşdur ki, üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib”.

    Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

    O, həmçinin bildirib ki, 30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir”.

    Dövlət Komissiyasında 1 oktyabr 2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.