XƏBƏRLƏR / Kriminal

Kolumbiyalı senator Boqotada seçki mitinqində güllələnib

YENİLƏNİB

Kolumbiyalı senator Boqotada seçki mitinqində güllələnib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:28

    Kolumbiya senatoru və “Demokratik Mərkəz” partiyasından prezidentliyə namizəd Migel Uribe Turbay şənbə axşamı ona qarşı sui-qəsd cəhdindən sonra təcili əməliyyat keçirib.

    Bu barədə “Blu Radio” məlumat verib.

    Siyasətçinin yaxın çevrəsindəki mənbələrin sözlərinə görə, cərrahi əməliyyat uğurlu olub, lakin vəziyyəti kritik olaraq qalır.

    Əməliyyatın uğurla keçirilməsi xəbərini “Demokratik Mərkəz”in üzvü olan Nümayəndələr Palatasının (Kolumbiya Konqresinin aşağı palatası – red.) üzvü Kristian Qarses də təsdiqləyib.

    “Migel əməliyyat keçirdi, o bunu etdi. İndi onun sağalması üçün çox səy göstərmək lazımdır”, – Qarses bildirib.

    Xatırladaq ki, 39 yaşlı Turbay Boqotanın qərbindəki Modelya rayonunda seçkiqabağı tədbirdə çıxışı zamanı bir neçə güllə yarası, o cümlədən baş və boyun nahiyəsindən yaralanıb. Ona hücum edənlərdən biri, 15 yaşlı yeniyetmə saxlanılıb.

    Hakimiyyət hücumun araşdırılmasına kömək edəcək hər hansı məlumat üçün 3 milyard peso (təxminən 730 min ABŞ dolları) mükafat elan edib.

    ***

    07:05

    2026-cı ilin mayında keçiriləcək seçkilərdə prezidentliyə mümkün namizəd hesab edilən kolumbiyalı senator Migel Uribe şənbə günü Boqotada seçki mitinqində çıxışı zamanı hücuma məruz qalıb.

    Bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

    Şahidlərin verdiyi məlumata görə, sui-qəsdi yerinə yetirən azyaşlı şəxs hadisə yerinə motosikletlə gəlib.

    O, təqribən metr yarımlıq məsafədə senatora yaxınlaşıb və onun kürəyinə təxminən altı dəfə atəş açıb. Güllələrdən biri Uribenin başına dəyib.

    Hücumçu senatorun mühafizəçisi tərəfindən yaralanıb və saxlanılıb. Onun hərəkətlərinin motivləri barədə hələ heç bir məlumat yoxdur. Saxlanma faktını sosial şəbəkələrdə Boqota meri Karlos Qalan təsdiqləyib.

    Uribenin sağçı Demokratik Mərkəz partiyası bəyanat yayaraq hadisəni “qəbuledilməz zorakılıq aktı” adlandırıb.

    Senatorun səhhəti ilə bağlı hələlik rəsmi məlumat yoxdur, lakin Kolumbiya mediası onun vəziyyətinin ağır olduğunu yazır.