İslam İnkişaf Bankının prezidenti Şuşada olub
Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsindən bildirilib
Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada görülən işlər barədə qonaqlara məlumat verib. Həmçinin işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, həyata keçirilən infrastruktur layihələri, sahibkarlar üçün tətbiq olunan güzəştlər barədə İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən təqdimatlar edilib.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla birgə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Şuşaya səfərindən məmnunluğunu ifadə edən Məhəmməd Süleyman Əl-Casir görülən işləri yüksək qiymətləndirib, Bankın Şuşada həyata keçirilən layihələrə maraq göstərdiyini, investisiya sahəsində əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu bildirib.
Şuşaya səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti Şuşa şəhər meydanı, Xan qızı bulağı, Yuxarı Gövhər Ağa məscidi, Şuşa Qala divarları, Cıdır düzü ilə tanış olub.