XƏBƏRLƏR / Siyasət

İsrail Prezidenti Azərbaycanda səfərdədir YENİLƏNİR

İsxak Hersoq və həyat yoldaşı Mixal mayın 30-da səhər saatlarında Bakıya gəliblər

İsrail Prezidenti Azərbaycanda səfərdədir YENİLƏNİR
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 13:40

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.

    ***

    13:30

    Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.

    Sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.

    ***

    12:20

    Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü başlayıb.

    Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

    -Cənab Prezident, hörmətli nümayəndə heyətinin üzvləri, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etmək imkanına malik olduğumuza görə çox şadıq. Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək. Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz və regional məsələlərlə bağlı çox yaxşı müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərinin iştirakı ilə görüşdə, bu gün və sabah davam edəcək səfəriniz çərçivəsində təmaslarda geniş diapazonlu məsələlər müzakirə olunacaq. Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz Sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, ölkəmizdə yaxşı vaxt keçirəcəksiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.

    x x x

    İsrail Prezidenti İsxak Hersoq çıxış edərək deyib:

    -Çox sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik. Ən əsası odur ki, siz mərhum atanızı yetişdirən millətsiniz, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib.

    İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk. Buna görə çox sağ olun. Əlbəttə ki, cənab Prezident, mən qarşılıq göstərərək Sizi İsraildə qəbul etməyi səbirsizliklə gözləyirəm.

    Prezident İlham Əliyev: Təşəkkür edirəm.

    ***

    10:50

    Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək görüşü başlayıb.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, İsxak Hersoqun ölkəmizə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyi vurğulanıb.

    Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    ***

    10:45

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.

    Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.

    Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamlayıb.

    Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İsxak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxak Hersoqun qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.

    ***

    İsrail prezidenti İsxak Hersoq Azərbaycana səfər ərəfəsində öz Twitter səhifəsində məlumat verib.

    Hersoq dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

    İsxak Hersoq və həyat yoldaşı Mixal mayın 30-da səhər saatlarında Bakıya gəliblər. İki gün davam edəcək səfər başlamazdan əvvəl dövlət başçısı bildirib ki, “səfər ikitərəfli əlaqələr üçün çox vacibdir, bu, Prezident İlham Əliyevin şəxsi dəvəti sayəsində mümkün olub”.

    “Azərbaycan bizim üçün dost dövlətdir və çox önəmlidir, hətta xarici əlaqələrimiz üçün açar demək olar...”, - deyə hersoq bildirib.

    Hava limanında İsrail Prezidentini yerli Xabad yəhudi məktəbində təhsil alan 30 uşaq qarşılayıb.

    Hersoqu səfərdə Səhiyyə və Daxili İşlər naziri Moşe Arbel müşayiət edir. Səfər zamanı İsrail və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığa dair ikitərəfli saziş imzalanacaq.

    Rəsmi görüşlərdən əlavə, Hersoq və xanımı İsrail Dövlətinin yaradılmasının 75-ci ildönümü şərəfinə keçiriləcək bayram tədbirində iştirak edəcək və yerli yəhudi icmasının fəalları ilə görüşəcəklər.