XƏBƏRLƏR / Münaqişə

İsrail "Əl Şəfa"da tunellər aşkarladı

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb 

İsrail "Əl Şəfa"da tunellər aşkarladı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İsrail ordusu Qəzzanın "Əl-Şəfa" xəstəxanasında HƏMAS qruplaşması tərəfindən istifadə edilən tunel aşkar ediblər.

    Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    Ordu Qəzzanın ən böyük xəstəxanasının açıq ərazisində tunelin girişini əks etdirən video yayımlayıb. Xəstəxanada içərisində çoxlu sayda silah olan avtomobil də tapıldığını bildirilir. HƏMAS iddiaların "açıq-aşkar yalan" adlandırıb. 

    Ağ Evin sözçüsü Con Kirbi cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar "Əl-Şəfa" xəstəxanasında HƏMAS-ın fəaliyyəti ilə bağlı öz kəşfiyyat agentliklərinin qiymətləndirməsinə əmindir.

    Qəzzada humanitar vəziyyət 

    Qəzzadakı iki telekommunikasiya şirkəti şəbəkəni təmin edən enerji mənbələrinin tükəndiyini və buna görə də ərazidəki bütün xidmətlərin dayandığını bildirib. İsrail HƏMAS-ın hərbi məqsədlər üçün istifadə edə biləcəyini əsas gətirərək yanacaq idxalından imtina edir.

    BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) kommunikasiyaların kəsilməsi və yanacaq çatışmazlığı səbəbindən humanitar yardım maşınlarının koordinasiyasının mümkün olmadığını bildirib.

    "Yanacaq daxil olmasa, insanlar yanacaq çatışmazlığı səbəbindən ölməyə başlayacaqlar. Tam olaraq nə vaxtdan, bilmirəm. Amma bu, gec deyil, tez olacaq", - UNRWA-nın baş komissarı Filip Lazzarini deyib.

    İsrail ordusunun baş qərargah rəisi bildirib ki, İsrail Qəzza zolağının şimalında HƏMAS-ın hərbi sistemini məhv etməyə yaxınlaşıb. Ordu Qəzzanın digər hissələrinə də nüfuz etməyə başlayıb.

    İsrail dinc sakinlərə Qəzzanın cənubundakı dörd qəsəbəni tərk etmələrini bildirən broşürlər paylayıb.

    İsrail rəsmiləri bildiriblər ki, HƏMAS oktyabrın 7-də girov götürdüyü 240 nəfərdən bəzilərini xəstəxana kompleksində saxlayıb. Ordunun verdiyi məlumata görə, girov götürülən qadının cəsədi "Əl-Şəfa" yaxınlığındakı bir binada tapılıb. Binada, həmçinin "Kalaşnikov" silahları və qumbaraatanlar aşkar edilib.

    Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrailə ilk dəfə səfər edən Aİ-nin baş diplomatı Cozep Borel İsraili Qəzzada dinc sakinləri qorumaq üçün daha çox işlər görməyə çağırıb.

    İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, HƏMAS təkcə oktyabrın 7-də baş verən hücumda deyil, həm də Qəzzada fələstinlilərin hazırkı vəziyyətində günahkardır.