İsrail və HƏMAS arasında qızğın döyüşlər gedir
İsrail ordusunun qərargahı bəzi bölmələrin artıq Qəzzanın mərkəzində fəaliyyət göstərdiyini bildirib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərini mühasirəyə aldıqdan sonra HƏMAS-a qarşı hərbi əməliyyatlar aparmaq üçün qəsəbəyə daxil olub.
İsrail ordusunun qərargahı bəzi bölmələrin artıq Qəzzanın mərkəzində fəaliyyət göstərdiyini bildirib.
IDF sözçüsü Daniel Haqari "The Hill"ə deyib: “Qüvvələrimiz yaxın döyüşdə terrorçuları məhv edir, döyüş tələb olunan istənilən yerdə, hətta çətin olsa belə, üstünlük IDF və onun əsgərlərindədir”.
Onun sözlərinə görə, Qəzzada "partlayıcı maddələri və digər təhlükələri məhv etmək və zərərsizləşdirmək" üçün əsgərlərin şəhər ətrafında daha sərbəst hərəkət etməsinə imkan verən bomba zərərsizləşdirmə mühəndisləri də var.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi qeyd edib ki, İsrail qüvvələri artıq Qəzza şəhərinin mərkəzində əməliyyat aparır və HƏMAS yaraqlıları ilə vuruşurlar: “Qəzzada yerləşən bölmələr şəhər ərazisində döyüşür. Bunun üçün peşəkar döyüş hazırlığı və böyük cəsarət tələb olunur”.
HƏMAS nümayəndələri hələlik İsrail hərbçilərinin Qəzza şəhərinə daxil olması ilə bağlı məlumatı şərh etməyiblər.