XƏBƏRLƏR / Münaqişə

İsraillə HƏMAS atəşkəs barədə razılığa gəldi

Aprelin 29-da danışıqlar zamanı HƏMAS-a 40 günlük atəşkəs təklif olunmuşdu

İsraillə HƏMAS atəşkəs barədə razılığa gəldi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağında atəşkəs təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.

    Bu barədə o, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamil ilə telefon danışığında bildirib.

    Qeyd edək ki, Qətər və Misir HƏMAS və İsrail arasında danışıqlarda vasitəçi rolunu oynayır.

    “Mən onlara HƏMAS hərəkatının atəşkəs razılaşması təklifini təsdiqləməsi barədə məlumat verdim”, - HƏMAS-ın kanalında deyilir.

    Bundan bir qədər əvvəl “The Times of Israel” qəzeti İsrail ordusunun Rəfah şəhərinin şərq bölgəsində təxliyə çağırışı ilə bağlı vərəqələr yaymağa başladığını yazıb. İsrail Qəzza zolağının cənubunda yerləşən şəhərdə hərbi əməliyyat keçirmək niyyətindədir. 

    Aprelin 29-da danışıqlar zamanı HƏMAS-a 40 günlük atəşkəs təklif olunub. Razılaşma həmçinin HƏMAS yaraqlıları tərəfindən saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsini də əhatə edir.

    Qeyd edək ki, HƏMAS hərəkatının razılaşdığı Qəzza zolağında atəşkəs təklifi İsrail qüvvələrinin anklavdan çıxarılmasını və blokadanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur.

    “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, Qətər və Misir vasitəçilərinin irəli sürdüyü təklif hər biri 42 gün davam edəcək üç həll mərhələsini əhatə edir.