İstanbul meri Əkrəm İmamoğlu saxlanılıb YENİLƏNİR
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb

14:02
İstanbulun saxlanılan meri Əkrəm İmamoğlu dörd gün həbsdə qalacaq.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Əkrəm İmamoğlu və onunla birlikdə saxlanılan şəxslər dörd gün ərzində polis nəzarətində qalacaqlar", - “CNN Türk” telekanalı mənbələrə istinadən bildirib.
Baş Prokurorluq ona və 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıqla bağlı ittihamlar irəli sürür.
İstanbulun bir sıra mərkəzi küçələrində, xüsusilə Polis Baş İdarəsinin binası qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.
***
11:07
İstanbul Baş Prokurorluğu, aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu, İBB baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə Başçısı Rəsul Əmrah Şahanın da olduğu 7 şübhəli haqqında “PKK/KCK terror təşkilatına yardım etmək” ittihamı ilə həbs qərarı çıxarıldığını açıqlayıb.
İstanbul Baş Prokurorluğunun bəyanatında deyilir ki, terror təşkilatının rəhbərləri Cəmil Bayik və Mustafa Karasu seçkilər öncəsi PKK/KCK terror təşkilatının 31 mart 2024-cü ildə keçirilmiş yerli seçkilərdə faktiki olaraq həyata keçirdiyi "şəhər barışığı" üzrə terror təşkilatının fəaliyyəti ilə bağlı KİV vasitəsilə fikir və təlimat mübadiləsi aparırblar.
***
10:45
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və şəhərin Şişli Bələdiyyəsinin başçısı Rəsul Əmrah Şahan da daxil olmaqla, bir neçə nəfər “PKK/KCK terror təşkilatına yardım etmək” şübhəsi ilə saxlanılıb.
VİDEO
İstanbul Respublika Baş Prokurorluğu Əkrəm İmamoğlu da daxil olmaqla, 100 şübhəli barəsində müxtəlif cinayətlərə görə həbs qərarı verildiyini açıqlayıb.
Şübhəlilər “cinayət təşkilatı qurmaq”, “rüşvət almaq”, “dələduzluq”, “tender saxtakarlığı” kimi cinayətlərdə təqsirləndirilir.
Xatırladaq ki, martın 18-də İstanbul Universiteti qanunsuz keçid səbəbindən Əkrəm İmamoğlu da daxil olmaqla, 28 nəfərin diplomunun geri alınmasına qərar verib.
***
09:19
Türkiyə Bələdiyyələr Birliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb və tibb müayinəsinə aparılır. İstanbul Baş Prokurorluğu İmamoğlu üçün “cinayət təşkilatı lideri” ifadəsini işlədib.
CHP sədri Özgür Özəl də İstanbula yola düşüb və "Təslim olmayacağıq" açıqlamasını verib.
İmamoğlunun müşaviri Ongun sosial media hesabında “Mən saxlanılıram” deyib.
Ə.İmamoğlunun evində axtarış aparılıb və qapısında 20-yə yaxın polis maşını dayanıb.
Saxlanılan İmamoğlunun Vətən Polis İdarəsinə aparılacağı bildirilir.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan terror, rüşvət və korrupsiya istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu, onun müşaviri Murat Ongun, Beylikdüzü Bələdiyyə Başçısı Murat Çığlık və Şişli Bələdiyyə Başçısı Resul Şahan da daxil olmaqla 105 nəfər haqqında həbs qərarı çıxarılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən şəxslər cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılmasında ittiham olunaraq saxlanılıblar.
***
08:26
İstanbul meri Əkrəm İmamoğlu saxlanılıb.
Bu barədə “Sözcü” məlumat yayıb.
Bildirilib ki, türkiyəli siyasətçi ilə yanaşı onun mətbuat müşaviri Murat Onqun da saxlanılıb. Merin evində axtarış aparılır.