İstanbulda İƏT XİN Şurasının sessiyası keçirilib VİDEO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda iştirak edib YENİLƏNİB
18:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında iştirak və çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Çıxışda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.
Çıxışı zamanı nazir Ceyhun Bayramov lqarşıdan gələn İƏT sədrliyi münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, ölkəmizin Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.
Dünyada artan İslamofobiya meyllərinin narahatlıq doğurduğu, ölkəmizin bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi və İslamofobiya ilə mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəkləyi vurğulanıb.
Qəzzada mövcud humanitar vəziyyətə toxunulub və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib.
Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib.
Ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 10 may 2025-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb.
Suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı bəhs edib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddiaları, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldığı diqqətə çatdırılıb.
Ermənistanın Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə məlumat verilib.
Çıxış zamanı bununla yanaşı, indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğu xatırlanıb.
***
13:54
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası işə başlayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə iki gün davam edəcək toplantıda “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusu müzakirə olunacaq.
Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Əvvəlki toplantılarla müqayisədə rekord sayda yüksəksəviyyəli iştirakın olduğu sessiyaya bu il 40-dan çox ölkənin XİN başçısı qatılır.
Toplantıda İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyət iştirak edir.
Sessiyada İsrail ilə Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran müharibəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Sessiyanın rəsmi açılış mərasimində çıxış edənlər İslam coğrafiyasında baş verən qeyri-sabitliklərə toxunub, bu problemlərin eyni dinə mənsub hər kəsin ortaq məsələsi olduğuna diqqət çəkiblər. Bildirilib ki, hazırda bölgəmizin əsas hədəfi baş verən qarşıdurmaların dayandırılması, qalıcı sabitliyin təmini, eləcə də humanitar yardımların təcili və davamlı şəkildə bölgəyə çatdırılmasının təmini olmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirdə çıxış edib.
Sessiyanın sonunda İstanbul Bəyanatı, eləcə də İƏT gündəmindəki qərar layihələrinin qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın xarici işlər nazirinin sessiya ilə yanaşı, dəyirmi masalar və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.
Ceyhun Bayramovun, həmçinin yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılıb.
Xatırladaq ki, bu toplantı ilə Türkiyə bir il müddətinə İƏT Xarici İşlər Nazirləri Şurasına sədrliyi Kamerundan təhvil alacaq. Təşkilatın 25 qurucu ölkəsindən biri olan Türkiyə daha əvvəl 1976, 1991 və 2004-cü illərdə keçirilən şura toplantılarına ev sahibliyi edib.
***
12:16
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar 51-ci sessiyası keçirilir.
Toplantı Türkiyənin İstanbul şəhərində baş tutub.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 51-ci Xarici İşlər Nazirləri Şurası İstanbulda İsrailin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri və Qəzza böhranını müzakirə edəcək. Əsas çıxış edənlər arasında Türkiyənin xarici işlər naziri Hakan Fidan, İranın xarici işlər naziri Abbas Əraqçi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İƏT-in baş katibi Hissein Brahim Taha var.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda iştirak edir.