XƏBƏRLƏR / Diplomatiya

İstanbulda Rusiya-ABŞ danışıqlarının ikinci raundu keçirilib

Görüş Rusiyanın İstanbuldakı Baş konsulluğunda baş tutub YENİLƏNİB

İstanbulda Rusiya-ABŞ danışıqlarının ikinci raundu keçirilib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 19:11

    Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdə narahatlıq doğuran məsələlərin aradan qaldırılması üçün yeni görüşün təşkili ilə bağlı planları müzakirə edib.

    Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin İstanbulda keçirilən Rusiya-ABŞ məsləhətləşmələrinin yekunlarına dair yaydığı məlumatda bildirilib.

    Yazılı bəyanatda qeyd olunub ki, İstanbulda nümayəndə heyətlərinə rəhbərlik edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter və Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev lazım gələrsə, yaxın vaxtlarda bu məsələlərlə bağlı yeni görüşün keçirilməsi imkanını müzakirə ediblər.

    "Görüşün keçirilmə vaxtı və yeri, eləcə də iştirakçıların tərkibi sonradan müəyyən ediləcək", - ABŞ xarici siyasət idarəsi dəqiqləşdirib. Dövlət Departamentinin qiymətləndirməsinə görə, məsləhətləşmələrin hazırkı raundu tərəflərin "konstruktiv yanaşmanı" qoruyub saxladığını nümayiş etdirib.

    Nümayəndə heyətləri həmçinin diplomatik nümayəndəliklərin fəaliyyəti üçün bank xidmətlərinin göstərilməsi mümkünlüyünü müzakirə ediblər.

    "Fevralın 27-də keçirilən görüşdə müəyyən edilmiş konstruktiv yanaşmanı davam etdirərək, ABŞ və Rusiya nümayəndə heyətləri hər iki ölkədə ABŞ və Rusiya missiyalarının sabit bank xidmətləri ilə təmin edilməsi üçün razılaşmaların təsdiqlənməsi məqsədilə qeyd mübadiləsi aparıblar", - sənəddə vurğulanıb. Eyni zamanda, Dövlət Departamenti qeyd edib ki, görüşdə ABŞ nümayəndələri yerli heyətin işə qəbulunun qeyri-mümkünlüyü ilə bağlı "narahatlıqlarını ifadə ediblər", bu isə sənədə əsasən, "ABŞ-ın Moskvadakı səfirliyində işçi sayının sabit səviyyədə saxlanması üçün əsas maneədir".

    ***

    17:02

    Səfirliklərin işinin normallaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında İstanbulda keçirilən məsləhətləşmələr başa çatıb.

    Bu barədə TASS məlumat yayıb.

     Danışıqlar 5 saatdan çox davam edib.

    ABŞ nümayəndə heyəti Rusiyanın İstanbuldakı Baş konsulluğunu birinci tərk edib.

    ***

    11:19

    Rusiya və ABŞ nümayəndə heyətləri arasında səfirlik fəaliyyətinin bərpası və diplomatik əlaqələrin normallaşdırılmasını müzakirə etmək üçün İstanbulda danışıqların ikinci raundu başlayıb.

    Görüş Rusiyanın İstanbuldakı Baş konsulluğunda keçirilir.


    İki ölkənin nümayəndə heyətləri artıq İstiqlal küçəsində yerləşən Rusiyanın Baş Konsulluğunun binasına gediblər.

    Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.

    Daha əvvəl A.Darçiyev danışıqlar zamanı diplomatik əmlakın qaytarılması məsələsini qaldıracağını bildirmişdi.

    Qeyd edək ki, tərəflər arasında ilk məsləhətləşmələr Ər-Riyadda keçirilib və 12 saatdan çox davam edib. Danışıqların yekunlarına görə, Ağ Ev Rusiya və ABŞ-nin təhlükəsiz gəmiçiliyi təmin etmək, həmçinin Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəldiyini bəyan edib.

    Danışıqlar qapalı formatda aparılır.