İstanbulun Fatih məscidində bıçaqlı insident olub
Hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib
İstanbulun Fatih məscidində bıçaqlı insident baş verib. Hadisə nəticəsində məscidin imamı və bir vətəndaş yaralanıb.
Hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib.
Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19.15 radələrində naməlum şəxs İstanbuldakı Fatih məscidinin içərisində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından, imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Xəsarət alan imam və vətəndaş xəstəxanaya yerləşdiriliblər.
Fatih məscidinin imamı döş qəfəsi, kürəyi və boğaz nahiyəsindən 3 bıçaq yarası alıb. Ən problemli yer boğaz nahiyəsi olub. Nəfəs borusuna qismən müdaxilə edilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur, zəruri müdaxilələr aparılır.