İsveçrə parlamentində ölünü "diriltməyə" cəhd ediblər
"Dağlıq" Qarabağ mövzusunu qaldıran muzdlu deputatın cavabını İsveçrənin vitse-prezidenti verib
İsveçrənin vitse-prezidenti və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassis erməni revanşist dairələrini dəstəkləməsi ilə tanınan parlament üzvü Erix Vontobelin sərt cavabını verib.

15 iyunda İsveçrə Parlamentində keçirilən "Hökumət Sual Saatı" (Fragestunde) zamanı Vontobel onun təşəbbüsü olan "Dağlıq Qarabağ üçün Sülh Forumunun" statusu ilə maraqlanıb.
Cavab olaraq Kassis nə Azərbaycanın, nə də Ermənistanın belə bir forumu əvvəldən məqsədəuyğun hesab etdiyini bildirib. O, bu mövqeyin bu ilin aprel ayında hər iki ölkə ilə siyasi məsləhətləşmələr zamanı bir daha təsdiqləndiyini bildirib.

İsveçrə diplomatiyasının rəhbəri həmçinin vurğulayıb ki, İsveçrə "Dağlıq Qarabağ"ı dövlət qurumu kimi tanımır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir.
Buna baxmayaraq, Vontobel Qarabağ bölgəsini könüllü olaraq tərk edən erməni əsilli insanların sülh prosesinə cəlb edilməsinin zəruriliyində israr etməyə çalışıb və qeyd edib ki, Bakı və İrəvan bu məsələdə vahid mövqedədirlər.
Lakin Kassis Bernin prinsipial mövqeyini təkrarlayıb: İsveçrə rəsmi münasibətləri yalnız suveren dövlətlərlə saxlayır. O, vurğulayıb ki, üçüncü tərəflərlə birbaşa siyasi əlaqələrin qurulması digər dövlətlərin daxili işlərinə müdaxilə kimi qəbul edilə bilər ki, bu da İsveçrənin maraqlarına uyğun deyil.
1 dəqiqə