IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün vacib dialoq platformasıdır
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub:
"Hörmətli Forum iştirakçıları!
Sizi “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumunda səmimi-qəlbdən salamlayıram.
Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya
gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacaqdır.
Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir.
Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.
Xüsusilə müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur. Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.
Təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır.
Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır.
Əminəm ki, builki Forum çərçivəsində aparılacaq müzakirələr müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə, onların qarşısının alınması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsinə, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və gələcək nəsillər naminə daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edəcəkdir.
IV Bakı Təhlükəsizlik Forumunun işinə uğurlar, bütün iştirakçılarına isə səmərəli müzakirələr və məhsuldar əməkdaşlıq arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 2026-cı il".
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatə dairəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.
Müzakirələrdə vurğulanıb ki, Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün vacib dialoq platformasıdır. 600-ə yaxın yüksək səviyyəli nümayəndənin iştirakı qlobal təhlükələrə qarşı Forum çərçivəsində 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının genişləndiyini göstərir, milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və birgə həllərin axtarışı üçün geniş imkanlar yaradır. Tərəfdaş qurumların rəhbərlərinin geniş iştirakı Bakı platformasına olan etimadı göstərir və müzakirələrin praktiki əməkdaşlığa çevrilməsi imkanlarını artırır.
O da qeyd olunub ki, forumun siyasi yanaşmalardakı fərqlərə baxmayaraq əməkdaşlığı təşviq etməsi ortaq təhlükələrə qarşı ünsiyyət kanallarının qorunması baxımından əhəmiyyətlidir.
Beynəlxalq təhlükəsizlik sistemində transformasiya gedir; terrorçuluq, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotik dövriyyəsi və kibercinayətkarlıq halları artır. Transsərhəd çağırışlarla təkbaşına mübarizə aparmaq mümkün deyil, bu səbəbdən etibarlı tərəfdaşlıq vacibdir.
Həmçinin, vurğulanıb ki, təhlükəsizlik təkcə sərhədlərin qorunması deyil; enerji, nəqliyyat, bank, su ehtiyatları, rabitə və informasiya məkanı dövlət xidmətlərinin dayanıqlığının mühüm tərkib hissələridir. Kiberimkanlar, süni intellekt və kosmik sistemlər uğrunda qlobal rəqabət güclənir; silahlanma xərcləri və münaqişələr regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir edərək terrorçuluq üçün əlverişli zəmin yaradır.
Dünyanın istənilən regionundakı böhranların qısa müddətdə qlobal təhlükəyə çevrilə biləcəyi də qeyd olunub.
Tədbirdə qeyd olunub ki, Bakı Təhlükəsizlik Forumunda risklərin və təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi ölkələrin daha hazırlıqlı olmasına xidmət edir.
9 dəqiqə