15:09
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaya Kallas arasında geniştərkibli görüş keçirilib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Müzakirələr siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin genişləndirilməsi istiqamətlərini əhatə edib.
Müzakirələrdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi rolu xüsusi vurğulanıb, eyni zamanda bərpa olunan enerji sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, görüşdə ticarət və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, eləcə də nəqliyyat və logistika bağlantıları, xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri müzakirə olunub.
Tərəflər, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunublar. Post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, humanitar minatəmizləmə fəaliyyəti və Cənubi Qafqazda normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə davamlı sülh və sabitliyin təmin edilməsinin əhəmiyyəti bir daha vurğulanıb.
***
14:20
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.
Bu barədə XİN-in “X” hesabında bildirilib.


Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.

“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - paylaşımda vurğulanıb.
***
13:46
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.
Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
Məlumata əsasən, Kaya Kallas bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnundur:
"Xüsusilə, ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq".
K.Kallas əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir.
"Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş minatəmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq", - o vurğulayıb.
3 dəqiqə