Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var
Məlumatl daxili işlər naziri İqor Klimenko verib YENİLƏNİB

13:13
Aprelin 24-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumu həyata keçirilib. Səhər saatlarınadək davam edən hücum nəticəsində şəhərin beş müxtəlif bölgəsində mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücum nəticəsində azı 9 mülki şəxsin həlak olduğunu, 70-dən çox insanın isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Hazırda dağıntılar altında insanların qaldığı ehtimal olunur, axtarış-xilasetmə işləri davam etdirilir.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Rusiya ordusu bu hücum zamanı ümumilikdə 11 ballistik raket, 55 qanadlı raket, 4 idarəolunan aviazərbə bombası və 150-yə yaxın pilotsuz uçuş aparatı (PUA) istifadə edib. Əsas hədəf Kiyev şəhəri olub, onlarla raket və dron məhz bu istiqamətə yönəldilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
10:16
Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.
Aprelin 24-ə keçən gecə Kiyevə edilən dron və ballistik raket hücumları nəticəsində paytaxtın bir neçə ərazisində mülki infrastruktura ziyan dəyib.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqladığı məlumata görə, hava hücumu nəticəsində 9 nəfər həlak olub, 63 nəfər xəsarət alıb, 6-sı uşaq olmaqla 42 nəfər xəstəxanaya yerləşdirilib.
Yaşayış binalarına ziyan dəyib, dağıntılar altında olan insanların axtarışı davam edir.
Hadisənin nəticələrinin aradan qaldırılması paytaxtın 5 rayonunda davam edir. Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları və kinoloqları ərazidə iş aparırlar.