XƏBƏRLƏR / İctimaiyyət

Koreya Gəncə Xəstəxanasına tibbi avadanlıqlar ianə edib

Avadanlıqlar arasında rentgen aparatı, defibrilyator, anesteziya cihazı da var

Koreya Gəncə Xəstəxanasına tibbi avadanlıqlar ianə edib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • “Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi” üzrə həyata keçirilən “Kiçik həcmli inkişafa rəsmi yardım” proqramı çərçivəsində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib.

    Bu təşəbbüs xüsusilə ətraf regionlarda yaşayan və həssas əhali qruplarının, o cümlədən uşaqların tibbi xidmətlərə daha asan və bərabər çıxışını təmin etməyə yönəlib.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bununla bağlı keçirilən tədbirdə bildirib ki, bu cür layihələr ölkəmizin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir: “Layihənin əsas məqsədi ölkəmizdə həssas əhali qrupu üçün tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Xüsusilə vurğulamaq istərdim ki, ianə edilən tibbi avadanlıqlar ümumi və uroloji cərrahiyyə, diaqnostika, anesteziologiya, reanimasiya və intensiv terapiya tədbirlərinin həyata keçirilməsi üçün müasir texnikalardır. Xəstəxananın cərrahiyyə və reanimasiya bölmələrində istifadə olunacaq avadanlıqlar kritik vəziyyətdə olan xəstələr üçün həyati əhəmiyyət daşıyır. İnanırıq ki, yeni avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasına töhfə verəcək”.

    TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında vurğulayıb ki, 2024-cü ildə Koreya Hökumətinin dəstəyi ilə Gəncədə “Uşaqlara Tibbi Müayinə Dəstəyi” layihəsi həyata keçirilib, eyni zamanda, “Kiçik həcmli inkişafa rəsmi yardım” proqramı çərçivəsində ürək-damar xəstəlikləri ilə bağlı xəstəxanaya 18 adda müasir tibbi avadanlıq ianə edilib: “Xəstəxana regionda ən çox tibbi xidmət göstərən müəssisədir və eyni zamanda bura qonşu rayonlardan da müraciətlər çox olur. İanə edilən avadanlıqlar bizə imkan verəcək ki, göstərdiyimiz tibbi xidmət daha keyfiyyətli olsun və bütün bunlar, əlbəttə ki, ölkəmizdə müasir səhiyyə idarəçiliyi modelinin tətbiqi baxımından olduqca əhəmiyyətlidir”.

    Koreya Respublikasının səfiri Kımqu Kanq isə deyib: “Gəncə Azərbaycanın əsl xəzinəsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyimiz layihələr sayəsində bu şəhərin və ümumilikdə Azərbaycanın səhiyyə sisteminə real töhfə verə bildiyimiz üçün qürur duyuram. Son üç ildə həyata keçirilən təşəbbüslər yalnız tibbi xidmətlərin keyfiyyətinin artmasına deyil, həm də iki ölkə arasında dostluğun və qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edir”.

    Xəstəxananın direktoru İlkin İsmayılov öz növbəsində aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib: “Ümumilikdə ətraf 17 bölgədən vətəndaşlar xəstəxananın nəzdində olan tibb müəssisələrinə üz tuturlar. Bu müraciətlərin keyfiyyətli şəkildə qarşılanması üçün ianə edilən müasir tibbi avadanlıqlar müəssisəmizin texniki imkanlarını artırır. Yeni avadanlıqlar tibbi personalın işini daha səmərəli qurmağa və vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə şərait yaradacaq”.

    Avadanlıqlar arasında rentgen aparatı, defibrilyator, anesteziya cihazı, xəstə monitorları, əməliyyat lampaları və masaları, elektrocərrahiyyə və aspirasiya aparatları, reanimasiya çarpayıları, körpə inkubatoru və s. yer alır. Bu avadanlıqlar xüsusilə ölüm riski yüksək olan pasiyentlərin vaxtında müalicəsinə imkan verən reanimasiya və intensiv terapiya bölmələrində istifadə olunacaq. Avadanlıqlar cərrahi əməliyyatların daha təhlükəsiz və dəqiq aparılmasına, anesteziya və reanimasiya proseslərinin təkmilləşdirilməsinə, yeni doğulan körpələrin xüsusi şəraitdə baxımına, həmçinin uroloji müdaxilələrin effektiv icrasına xidmət edəcək. İanə edilən tibbi avadanlıqların ümumi dəyəri 350 min ABŞ dolları təşkil edir.

    Sonda avadanlıqların təhvil-təslim aktı imzalanıb.