Laçın-Xankəndi yolunda aksiyanın 39-cu günü
Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur
Bu gün azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasının 39-cu günüdür. Yüksək əhval-ruhiyyədə davam edən aksiyada bu səhər də canlanma müşahidə olunur.
Ekofəallar səhəri Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.
Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının dinamik və coşqulu görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir.
Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 37 avtomobil maneəsiz hərəkət edib.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.