Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, eko-fəalların və könüllülərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq on ikinci gündür davam edir. Aksiya iştirakçıları Azərbaycanın Dövlət Himnini oxuyur, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər.
Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.