200 min insan Sudanı tərk edib
Sudanlı qaçqınların sayı barədə məlumatı BMT Ali komissarının qaçqınların işi üzrə idarəsinin nümayəndəsi Olqa Sarrado açıqlayıb
Sudanda silahlı münaqişənin davam etdiyi dövr ərzində təxminən 200 min nəfər vətənini tərk edərək qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıb.
Sudanlı qaçqınların sayı barədə məlumatı BMT Ali komissarının qaçqınların işi üzrə idarəsinin nümayəndəsi Olqa Sarrado açıqlayıb.
Bir müddət öncə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın nümayəndəsi Pol Dillon Sudanda məcburi köçkünlərin sayının 700 min nəfəri ötdüyünü bildirib. BMT-nin məlumatına görə, hazırda Sudanda 5 milyon nəfərin təcili humanitar yardıma ehtiyacı var.
Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır. Aprelin 15-də tərəflər arasında silahlı toqquşmalar başlayıb.
Mayın 6-da Ciddə şəhərində münaqişə tərəfləri arasında danışıqlara start verilib. Mayın 12-də mülki əhalinin döyüş zonasını təhlükəsiz tərk etməsinə dair ilkin razılıq əldə olunub. Hazırda on günlük atəşkəsə nail olunması üzrə danışıqlar davam edir.