Laçında tarixi hadisə - dağ yamacına su çəkildi
Bu barədə ANS Press-ə Laçında ezamiyyətdə olan xüsusi müxbiri Lalə Əliyeva məlumat verib
Laçın rayonunun Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdəki Xırmanlar kəndi ərazisindən Laçın şəhərinin dağ yamacına 8900 metrlik su xətti çəkilib. Təbii bulaq suyu 300 metr yüksəklik fərqi ilə heç bir nasos basıncı olmadan öz axarı ilə şəhərə gətirilib. Su xəttinin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb. Müasir suvarma sistemi dağətəyi ərazidə və dağ yamacındakı geniş yaşıllıqları yayın quraqlığından xilas edəcək.
Mayın 10-da Laçın şəhərinin Kəlbəcər, Şuşa, Qubadlı istiqamətlərindən üç girişində Bakı Abadlıq Xidməti, DİN Laçın Polis şöbəsinin rəhbərliyi və doğma şəhərin abadlaşması üçün çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Erməni vandalizmi nəticəsində məhv edilmiş qədim ağacların kötükləri yanında salınan yaşıllıq zolaqları tarix üçün ibrətamiz mənzərədir. Böyük dağıntılardan sonra yenidən qurulmuş evlərin həyətində əkilən meyvə ağacları bu abad şəhərdə məskən salan yeni nəsillərlə birlikdə böyüyüb bar verəcək.