Laçında yeni KOB dostu ofisi açılacaq
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib
Yaxın müddətdə Laçın rayonunda yeni KOB dostu ofisimizin açılmasını və burada fəaliyyət göstərəcək sahibkarlar üçün xidmətimizi təmin etməyi düşünürük.
Bunu Laçında "Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu – peşə və bacarıqların inkişafı” mövzusunda keçirilən tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Son 3 ildə işğaldan azad edilmiş ərazilərdə inanılmaz böyük işlərin görüldüyünü deyən O.Məmmədov bildirib ki, bərpa-quruculuq işlərinə indiyə qədər, ümumilikdə, 12 milyard manata yaxın vəsait xərclənib, böyük infrastruktur layihələr icra olunub, vergi və gömrük güzəştləri tətbiq edilib.
“KOBİA olaraq bizim işğaldan azad olunmuş ərazilər üzrə fəaliyyətimiz çoxşaxəlidir. Bura həm ayrı-ayrı istiqamətlər üzrə müxtəlif xidmətlərimizi, eyni zamanda, tərəfdaş olduğumuz layihələr çərçivəsində gördüyümüz işləri aid edə bilərik. Bununla yanaşı, Dövlət Məşğulluq Agentliyi ilə birgə işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin olunmasına xidmət edən bir sıra layihələr həyata keçirmişik. İşğaldan azad edilmiş ərazilərlə bağlı müxtəlif işçi qruplar yaradılmışdır. Bunlardan bir neçəsində biz KOBİA olaraq təmsil olunuruq. Eyni zamanda, bütün bölgələrimizdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə də davamlı sahəvi və maarifləndirmə görüşləri keçiririk. Keçirilmiş görüşlər zamanı sahibkarları maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılır, problemlər səsləndirilir, təkliflər dinlənilir”, - deyə KOBİA-nın İdarə Heyətinin sədri vurğulayıb.