Qayıdış

Laçının Bəylik kəndinə yola salınan köç çatıb YENİLƏNİB

Bu mərhələdə Bəylik kəndinə 153 nəfər köçürülüb

Laçının Bəylik kəndinə yola salınan köç çatıb YENİLƏNİB
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 15:56

    Mayın 31-də doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.

    Bu mərhələdə kəndə 153 nəfərdən ibarət 38 ailə köçürülüb.

    Köçürülən ailələri qarşılayan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri onları yeni evlərinə köçmələri münasibətilə təbrik ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

    ***

    14:46

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Laçın rayonu Bəylik kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

    Bəylik kəndi bu gün 38 ailə olmaqla 153 nəfərə qucaq açıb. Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan Bəylik sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən ailələrin, Bəylik kəndində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

    Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

    ***

    08:12

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 306 nəfər (90 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 830 nəfər (178 ailə)
    Cəbrayıl — 2303 nəfər (512 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 767 nəfər (184 ailə)
    Kəngərli (Ağdam) - 645 nəfər (147 ailə)  

    Cəmi: 14 726 nəfər

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.