Latviya Belarusla sərhədə əlavə qoşun toplayır
Sərhəd xidməti qərarın Latviya-Belarus sərhədində artan təhlükə ilə əlaqədar olduğunu bildirib
Latviyanın Dövlət Sərhəd Xidməti (DSX) Belarusla sərhədin mühafizəsini gücləndirmək üçün sərhədçilərin təcili səfərbərliyi elan edib.
Sərhəd xidməti qərarın Latviya-Belarus sərhədində artan təhlükə ilə əlaqədar olduğunu bildirib. Qeyd olunur ki, gün ərzində Belarusdan Latviya sərhədini qanunsuz keçməyə 96 cəhd qeydə alıb.
Ölkənin Dövlət Sərhəd Xidməti bəyan edir ki, Belarusun təhlükəsizlik qüvvələri qeyri-qanuni miqrantlara fəal kömək etməyə başladığı üçün sərhəd rayonlarının möhkəmləndirilməsi zəruridir.
Səfərbərlik çərçivəsində sərhədçilər məzuniyyətdən geri çağırılır, illik məzuniyyətlərin verilməsi dayandırılır. Dövlət Sərhəd Xidməti Latviya Milli Silahlı Qüvvələri və Dövlət Polisindən əlavə dəstək istəyib. Müdafiə naziri İnara Murniece bildirib ki, o, artıq Dövlət Sərhəd Xidmətinə kömək məqsədilə Belarus sərhədinə əlavə qüvvələr göndərilməsi barədə göstəriş verib.
Avqustun 11-dən Latviya Belarusla sərhəddə gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edib. Qərar sərhədi “qeyri-mütənasib sayda qeyri-qanuni keçid halları” fonunda qəbul edilib.
Bundan əvvəl Polşa və Litva Belarusla sərhədi möhkəmləndirmək üçün təcili tədbirlər görüb.