XƏBƏRLƏR / Kriminal

Lənkəranda atalığı 3 yaşlı uşağı döyüb

Anasının valideynlik hüququnun məhdudlaşdırılmasına baxılır

Lənkəranda atalığı 3 yaşlı uşağı döyüb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb.

    Hadisə bu səhər şəhər ərazisində qeydə alınıb.

    Belə ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

    Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

    Valideynləri övladlarının digər uşaqlarla oynayarkən, xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

    Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

    TƏBİB-dən verilən məlumata görə, 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bu gün saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bildirilib ki, azyaşlıya dəqiqləşdirilməmiş sağ gözaltı nahiyədə, sol qulağında, sifətində və kürək nahiyəsində qançır diaqnozları təyin olunub. Xəsarət alan azyaşlıya zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

    Vəziyyəti stabil qiymətləndirilir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirib ki,uşaqlara qarşı hər hansı zorakılıq qəbuledilməzdir: "Azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritetdir. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür, uşağın səhhəti və təhlükəsizliyi diqqətdə saxlanılır.

    Dövlət Komitəsinə daxil olan məlumata görə, hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

    Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə rayon icra hakimiyyəti tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir.

    Bir daha vurğulamaq istəyirəm ki, uşaqların zorakılıqdan qorunması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Uşağa qarşı zorakılıq halı və ya belə bir şübhə yarandıqda,dərhal aidiyyəti qurumlara məlumat verilməsinə çalışmaq lazımdır. Uşağın təhlükəsizliyi və üstün mənafeyi hər zaman əsas götürülməlidir".(APA)